Ermənilərin mövqeyi İranda zəifləyib - 24 aprel aksiyası niyə dağıdıldı?

Ermənilərin mövqeyi İranda zəifləyib -


Tehran küçələrində saxta soyqırım tədbirinin keçirilməsinə qadağa Türkiyədən çox, Azərbaycan amili ilə bağlıdır. Xəbər verildiyi kimi, aprelin 24-də erməni millətçilərinin Tehranda keçirmək istədiyi aksiyaya polis müdaxilə edərək buna imkan verməyib. Bundan sonra ermənilər tədbirlərini kilsədə keçirməyə məcbur olublar.
Erməni mövzusu daha çox İranın Ermənistana dəstəyi ilə gündəmə gətirilsə də, bu ölkədə yaşayan böyük bir erməni topluluğu çox da xatırlanmır. Yeri gəlmişkən, Azərbaycan və indiki Ermənistan ərazilərinə ermənilərin böyük çoxluğu İran və Türkiyə ərazilərindən çox da uzaq olmayan keçmişdə - 19-cu əsrin əvvəllərində köçürülüb.


Tehranda ermənilər qondarma soyqırım ilə bağlı aksiya keçirilməsinə icazə verilmədi

İranda hazırda 100 minə yaxın erməni yaşayır. Bunlar əsasən Tehran, İsfahan, Qəzvin, Təbriz və Yeni Culfa şəhərlərində yaşayırlar. İslam inqilabından sonra erməni icmasının bir qismi ölkəni tərk edərək Avropa və Amerikaya yerləşib. Ancaq bununla belə İranda ermənilər bəhailər, zərdüştilər və yəhudilərlə birlikdə önəmli etnik və dini azlıqlardan biridir. Və hər nə qədər İranda İslam Respublikası olsa da, dini azlıqların da hüquqları tanınıb. Məsələn, İran ermənilərinin kilsələri, mədəniyyət mərkəzləri, hətta diskotekaları belə var.

Ermənilərin mövqeyi İranda zəifləyib -


Ermənilər siyasi həyatda da aktivdirlər. Son parlament seçkilərində erməniləri neçə mandat qazanması haqda məlumatları dəqiqləşdirə bilməsək də, bundan əvvəl ermənilər iki deputatla təmsil olunurdular. Eyni zamanda, İran erməniləri 3 mərkəz- xəlifləlik olmaqla idarə olunur. Bunlar Tehran, Şimal (Azərbaycan əraziləri) və Cənub (İsfahan və ətrafı) xəlifləlikləridir. Xəlifləliklər ermənilərin şəxsi və sosial münasibətlər, eyni zamanda miras mübahisələri, kilsə, məktəblər və qəbiristanlıqlar idarəçiliyi işlərini həyata keçirir. Bunların baş qurumu isə İran Erməni Xəlifləliyi Şurasıdır. Bu qurum İranda yaşayan ermənilərin dini, mədəni, sosial, xeyriyyə fəaliyyəti, idman, sənət və siyasi fəaliyyətlə məşğul olan ən böyük qurumdur. Xəlifəlik seçkili qurumdur, 55 nəfərdən ibarət üzvləri hər 4 ildən bir seçilir. Xəlifəlik Şurasının başında isə erməni katolikosu dayanır. Evlənmə, boşanma, xaç suyuna salınma (vəftiz), məhkəmə işlərində ermənilər bu quruma müraciət edir. Erməni kilsələri, məktəblər və mədəniyyət mərkəzləri də bu qurumdan idarə olunur.

Tehran erməni xəlifəliyində erməni dili ali kursları, eyni zamanda İslami Azad Universitetində erməni dili və ədəbiyyatı bölümü fəaliyyət göstərir. “Alik” qəzeti, “Ararat”, “Abaqa”, “Araks”, “Levis” jurnalları və eləcə də erməni dilində kitab nəşr edən nəşriyyatlar mövcuddur. 3 ayda bir dəfə fars dilində nəşr olunan “Peyman”, 2 həftədə bir dəfə fars və erməni dillərində nəşr olunan adı “Hooys” jurnalıdır.

Bundan başqa İranda erməni “Ararat”, “Sipan” idman və mədəniyyət klubları, İran Universitetləri Məzunları Cəmiyyəti, “Nairi” klubu, İranlı Ermənilərin Sosial və Mədəniyyət Dərnəyi, Erməni Qadın Dərnəyi, Erməni Qadınları Xeyriyyə Dərnəyi, Erməni Şair və Yazarlar Dərnəyi, eyni zamanda müəllimlər, həkimlər və memarlar dərnəkləri və sair birliklər fəaliyyət göstərir. Erməni idman klubları İran liqasında oynayır.

Hazırkı Ermənistan ərazisinə ermənilərin bir qismi İrandan köçürülsə də, 1921-ci ildə SSRİ yaranandan sonra çoxlu sayda erməni bu ölkəyə qaçıb. Onların bir qismi İranda qalıb, bir qismi isə Avropa və Amerikaya yerləşib. Bu səbəbdən də digər bölgə ölkələrində olduğu kimi, İranda da fəal erməni diasporu formalaşıb. Hal-hazırda erməni qrupları xeyli fəaldırlar. İran-İraq müharibəsində 89 erməni ölüb və bir neçə il əvvəl İran prezidenti Milad bayramı günü onların ailəsini də ziyarət etmişdi. Bu isə ermənilərin İran cəmiyyətində fəal bir qrup olduğunu göstərir.

İranlı politoloq Məsud Məhəmməd Sədr deyir ki, İran ermənilərinin fəaliyyətini iki mərhələyə bölmək olar. Birinci mərhələ Səfəvilər dönəmindən Qacarlara, daha doğrusu Məşrutə inqilabı dönəminə qədər və bir də ondan sonrakı dövrdür. Ekspert deyir ki, birinci dönəmdə ermənilər daha fəal olub: “Daha çox diplomatiya və sənətdə çox önəmli rol oynamışlar. İranın Avropa ilə körpüsü olub, tərcüməçi kimi çalışıb, həm də iki tərəfli casus olublar. Eyni zamanda sənətdə heykəltəraşlıq, bəstəkarlıq və musiqi sahəsində çox təsirli olublar”.

Ekspertin fikrincə, daha sonrakı dönəmdə ermənilərin İranda rolu xeyli azalıb. Bunun isə bir neçə səbəbləri olub. İlk növbədə fəal əhalinin böyük qismi Ermənistana gedib, bir qismi isə Avropaya üz tutub. Digər tərəfdən, artıq müsəlman əhali də elm və təhsildə müəyyən mövqe qazandıqdan sonra əvvəlki kimi ermənilərə ehtiyac qalmayıb. M.Sədr deyir ki, bütün bunların yanında ermənilər heç bir zaman mövcud hakimiyyətlərə qarşı çıxmayıblar: “ İran cəmiyyətində də heç zaman onlara basqı olmayıb. Ola bilsin ki, Qafqaz və Anadoludan fərqli olaraq İranda azlıq olublar və etdiyi hərəkətlərin onlara baha başa gələcəyini biliblər. Bu səbəbdən də hər zaman mövcud hakimiyyətləri dəstəkləyiblər, iqtidarlara “bizdən sizə zərərə gəlməz” mesajı verməyə çalışıblar” deyə, ekspert əlavə edir.

Məlum olduğu kimi, birinci Qarabağ müharibəsi zamanı İran məhz hər iki ölkə ilə qonşuluğu amilindən istifadə edərək münaqişənin həlli prosesinə müdaxilə etmək istəsə də, Tehran danışıqları Şuşanın işğalı ilə fiaskoya uğradı. Bundan sonra İranın münaqişə və Qafqazdakı proseslərə təsiri azalıb. Ancaq son illərdə Azərbaycanın İranla münasibətləri istiləşməsi, iki ölkə arasında ciddi yaxınlaşma Tehranın daha əvvəl tərəfsiz yanaşma siyasətinə də təsirini göstərib. Artıq Tehran rəsmiləri açıq və qəti şəkildə Azərbaycanı dəstəkləyən bəyanatlar verir. Son olaraq erməni qrupların Tehranda 24 aksiyasına icazə verilməməsi Türkiyədən çox Azərbaycan amili ilə bağlıdır. Çünki ermənilər bir qayda olaraq 24 aprel aksiyalarına Azərbaycana qarşı aksiyalara çevirirlər. Görünür, bu səbəbdən də Tehran bu dəfə ermənilərin “soyqırım” aksiyasına icazə verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1013 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...