Macarıstanın baş naziri niyə Türkiyəyə qarşı çıxdı?
Martın 5-də Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orban geri qayıtdıqdan sonra Türkiyəyə qarşı çıxdı.
Bakı səfəri çərçivəsində o, prezident İlham Əliyevlə də görüşmüşdü. Yayılan rəsmi məlumata görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Lakin Viktor Orban Brüsseldə keçirilən Avropa Birliyi-Türkiyə sammitində Azərbaycana qardaş ölkə olan Türkiyənin maraqlarına qarşı çıxdı. Belə ki, mühacir böhranının həll edilməsi üçün AB-Türkiyə arasında olan anlaşmanın bəndinə görə, Yunan adalarında qalan bütün miqrantlar Türkiyəyə ekstradisiya edilməli idi. Bunun qarşılığında AB Yunan adalarından Türkiyəyə göndəriləcək hər bir suriyalı üçün Türkiyədən bir suriyalı qaçqını qəbul edəcəkdi.
Türkiyənin AB-nin 28 liderinə qaçqınlarla bağlı təklif etdiyi bu kimi həll yollarına isə yalnız Macarıstanın baş naziri qarşı çıxıb. O, bildirib ki, ölkəmdə müsəlman miqrant istəmirəm: “Bizə görə ölkələr çox sayda müsəlman miqrant qəbul edə bilər. Bu, onların öz seçimidir. Ancaq biz bunu istəmirik. Brüssel türklərə tuta bilməyəcəyi vədlər verir. Türkiyədən yüz minlərlə qaçqını alıb, AB ölkələrinə paylama planı, xəyaldır. Bunu heç bir AB ölkəsi tətbiq edə bilməz. Əgər mən bu planı təsdiq etsəm, məni Budapeştdə prospekt işıqlandırma dirəyinə assınlar”.
Onu da qeyd edək ki, Viktor Orban ötən il də mühacir böhranı ilə bağlı Türkiyəyə 3 milyard avro yardım edilməsini doğru saymamamışdı. O, açıqlamasında bildirmişdi ki, qaçqın axınının qarşısını almaq üçün Macarıstan, Polşa, Çexiya və Slovakiya Yunanıstana 300-dən çox əsgər göndərəcək.
Musavat.com-a danışan ADA Universitetinin professoru, ekspert Elnur Soltanov bildirib ki, Macarıstanın mühacirlərə qarşı aqressiyası bir növ tarixlə bağlıdır: “Macarıstan tarixi baxımdan da Türkiyə ilə çox yaxın münasibəti olan ölkədir. Macarıstan Osmanlı imperatorluğunun xüsusi torpağı hesab olunub. Bu mənada ki, həmin ərazinin insanları daha çox Qərbi Avropa mədəniyyətindən təsirlənmişdilər. İkincisi isə Macarıstanda hətta bəzi uşaq kitablarında türk adları neqativ mənada göstərilib. Eyni zamanda macarlar Avropanın azsaylı millətlərindəndir. Dilləri də heç bir millətin dilinə oxşamır. Bu baxımdan macarlarda hər zaman sanki bir azlıq psixologiyası olub. Ermənilər və yahudilər kimi onlar da psixoloji olaraq düşünürlər ki, təhlükədədirlər, yox olmaq üzrədirlər, qonşuları, dostları yoxdur. Məhz bu fikir macarlarda xeyli güclüdür. Bütün bu sadaladığım hallar birləşərək Macarıstanı İslam, miqrasiya mövzusunda Avropanın ən həssas ölkəsinə çevirir. Bu baxımdan söyləyə bilərik ki, Viktor Orbanın bu çıxışı Türkiyə əleyhinə deyil, macarların ümumi qorxuları üzərində qurulub”.
E.Soltanov bildirib ki, burada “Şengen vizası” hadisəsinin də rolu var: “Qaçqınlar adətən Yunanıstana gəlirlər. Yunanıstana girmələri isə onlara birbaşa olaraq Macarıstana getmək hüququ verir. Yəni “Şengen vizası”na görə, ikinci dayanacaq Macarıstan olur. Yunanıstan isə burada sanki qapı rolunu oynadığı üçün onlar qaçqınlarla bağlı bir o qədər də narahat olmurlar. Bu da macarları qorxudur. Saylarının az olması onlara bir millət kimi silinmə xofunu yaşadır. Macarıstan Avropa İttifaqının qaçqınlarla bağlı qərarlarına da etiraz etmişdi”.
Azərbaycana gəlincə isə ekspert hesab edir ki, Macarıstanın ölkəmizlə əlaqəsi normaldır: “Azərbaycanla Macarıstan arasında olan məsafə uzaqdır. Bizim onlarla bu kimi səbəblərə görə ticarət dövriyyəmiz də yoxdur. Lakin Macarıstanla bizim münasibətlərimiz digər Avropa ölkələrindən daha yaxşıdır”.
1000 dəfə oxundu