Ermənistan xalq artisti və fəxri adları ləğv edir
Ermənistan parlamentinin dövlət və hüquq məsələləri komitəsi "xalq" və "əməkdar" fəxri adlarının ləğvi layihəsinə baxıb.
Qaynarinfo xəbər verir ki, ədliyyə nazirinin müavini Armenuhi Arutyunyanın sözlərinə görə, Ermənistanda 17 fəxri ad var, məsələn, xalq artisti, əməkdar artist, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi, əməkdar iqtisadiyyat işçisi və s. Onların hamısı ləğv olunacaq, yalnız "Əməkdar komanda" adı qalacaq.
Nazir müavini qeyd edib ki, bu titulların peşəkar yüksəlişlə heç bir əlaqəsi yoxdur.
Onun sözlərinə görə, bir çox ölkələrdə belə adlar yoxdur və mütəxəssislərin və mədəniyyət xadimlərinin həvəsləndirilməsi konkret performans nəticələrinə əsaslanır.
"Layihə üzərində işdə həm Təhsil, İdman, Elm və Mədəniyyət Nazirliyi, həm Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, həm də Şəhərsalma Komitəsi iştirak edib. Bütün həmkarlarımız fərdi qaydada titulların verilməsinin ləğvi ilə bağlı arqumentləri dəstəklədilər", deyə Arutyunyan bildirib.
Onun sözlərinə görə, hakimiyyət müxtəlif sahələrdə həvəsləndirmənin daha müasir üsullarını inkişaf etdirmək niyyətindədir.
Eyni zamanda, artıq verilmiş xalq və əməkdar artist almış xadimlər onları saxlayacaq.
430 dəfə oxundu