Matevosyan: "Sülh müqaviləsinin bağlanması Azərbaycanın diqtəsi ilə həyata keçiriləcək"

Matevosyan: "Sülh müqaviləsinin bağlanması Azərbaycanın diqtəsi ilə həyata keçiriləcək"
Dünən Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı Ermənistanda geniş müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, erməni politoloq Benyamin Matevosyan özünün “Telegram” kanalında Paşinyanın Strasburqdakı çıxışını şərh edib.

O bildirib ki, Paşinyanın Avropa Parlamentinin tribunasındakı qeybət xarakterli çıxışı Ermənistanın siyasi imicinə zərbədir: “Paşinyan yüksək tribunadan Rusiyanı ittiham edərək deyirdi ki, ruslar Ermənistana kömək etməyib. Bunu onunla əlaqələndirirdi ki, Rusiyanın məqsədi Ermənistanı Azərbaycan Ordusu ilə baş-başa qoymaqla ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq imiş. Üstəlik, Ermənistan rəhbərliyi hesab edir ki, sentyabrın 19-dan 23-dək İrəvandakı etiraz aksiyaları da Rusiya tərəfindən təşkil edilmişdi. Bununla ruslar ölkədə hakimiyyəti dəyişmək, “erməni demokratiyasını məhv etmək” planlarını həyata keçirmək istəyiblər”.
Erməni politoloq daha sonra yazır ki, Paşinyanın çıxışı həm də özünün xarici siyasətinin uğursuzluğunun təsdiqi idi. Bununla da baş nazir Aİ-yə, xüsusən də Avropa Parlamentinə “erməni demokratiyasını dəstəkləmək” üçün minnət edirdi: “Paşinyan bir daha anklavları Azərbaycana təhvil verməyə hazır olduğunu bəyan edib. Paşinyan, həmçinin bir sıra siyasi qüvvələrin, ekspertlərin uzun müddətdir dediklərini şəxsən təsdiqləyib. Bildirib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, delimitasiya və demarkasiyanın həyata keçirilməsini istəyir”.

Benyamin Matevosyan əlavə edib ki, Paşinyanın təkidlə istədiyi sülh müqaviləsinin imzalanması Azərbaycanın diqtəsi ilə həyata keçiriləcək və Azərbaycanın təklif etdiyi xəritələr əsas götürüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...