Tutulmayan "qonaq": İsrailə hücumu planlaşdıran HƏMAS lideri kimdir?
HƏMAS yaraqlılarının lideri Məhəmməd Deyf İsrail Müdafiə Qüvvələrinin 1 nömrəli hədəfidir. Onilliklərdir ki, onu aradan götürməyə çalışırlar, lakin hələlik bu mümkün olmayıb.
Bəs kimdir Məhəmməd Deyf?
Qaynarinfo xəbər verir ki, "Unian" İsrailə qanlı hücum təşkil edən, yüzlərlə qətl planlaşdıran, çoxlu sayda sui-qəsd cəhdlərinə baxmayaraq sağ qalan, tutulması mümkün olmayan HƏMAS lideri haqqında ən maraqlı faktları toplayıb.
HƏMAS ilə onilliklər
Məhəmməd Deyf (əsl adı Muhəmməd Diab İbrahim əl-Masri) hərəkatın ilk illərindən HƏMAS-ın silahlı qanadındadır. Onun hazırda 57 və ya 58 yaşında olduğu güman edilir. 1965-ci ildə Qəzza zolağının Xan Yunis şəhərindəki qaçqın düşərgəsində anadan olub.
Məhəmməd Deyfin yeniyetmə ikən sünni islamçı təşkilat olan "Müsəlman Qardaşları"na qoşulduğuna dair sübutlar var. "Financial Times"ın məlumatına görə, Deyfin atası və əmisi oktyabrın 7-də hücuma məruz qalan təxminən eyni ərazidə israillilərə qarşı basqınlarda iştirak ediblər.
Deyf tələbəlik illərində HƏMAS ilə çox yaxından əqalədə olub. O, 1987-1991-ci illərdə "İsrail işğalına qarşı mübarizəni" elan etmək və Altı Günlük Müharibə zamanı İsrailin nəzarəti altına aldığı əraziləri azad etmək məqsədi daşıyan Fələstin Ərəb üsyanı olan Birinci Fələstin İntifadasının başlanğıcında hərəkata qoşulub (1967).
1989-cu ildə İsrail ilk dəfə Məhəmməd Deyfi saxlayıb. O, 16 ay həbsdə yatıb.
"Qonaq"
O, bundan sonra özünə "Deyf" ("Qonaq") təxəllüsü götürüb və gəncliyində aktyorluğa maraq göstərib. Şayiələrə görə, ləqəbinin öz tarixi var. Ona "Qonaq” deyirlər, çünki sui-qəsd cəhdlərindən qaçaraq daim yerini dəyişir.
Qətllər, terror hücumları, avtoritet
Məhəmməd Deyf 90-cı illərin əvvəllərində Əl-Qəssam Briqadalarının sıralarında terrorçu kimi karyerasına başlayıb. Həmin vaxt yaraqlılara Fələstin hücumlarında kamikadzelərdən istifadənin təşəbbüskarlarından biri olan Yəhya Ayyaş başçılıq edirdi. Şayiələrə görə, Deyf xüsusilə Tel-Əviv və Qüdsdə terror aktlarının təşkilində, həmçinin Qüds və Aşkelonda avtobusların partladılmasında iştirak edib.
1996-cı ildə İsrail Yəhya Ayyaşı aradan götürüb və Deyf qisas kampaniyasına rəhbərlik edib. Hücum dalğası 60-a yaxın israillinin həyatına son qoyub. 2002-ci ildə hərəkatın əsas liderlərindən birinin öldürülməsindən sonra yaraqlılar arasında nüfuz qazanaraq Əl-Qəssami Briqadalarına rəhbərlik edib.
Fələstin yaraqlıları Deyfə HƏMAS-ın bəzi yüksək səviyyəli liderlərindən daha çox hörmət edirlər. İsrailə hücumdan sonra onun silahlılar arasında nüfuzu xeyli artacaq. Mütəxəssislər Deyfin Fələstin "gənclərinin tanrısı"na çevrildiyini deyirlər.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Məqsəd №1
Deyf 90-cı illərin ortalarından bəri İsrailin ən çox arzuladığı hədəflərdən biri olub. "Haaretz"in məlumatına görə, ölkənin kəşfiyyat xidmətləri onu onilliklərdir ki, ələ keçirməyə çalışır və çoxsaylı terror aktları zamanı onlarla mülki şəxsin qətlinə görə məsuliyyət daşıyır.
2000-2001-ci illərdə Fələstin hakimiyyəti Deyfi həbsdə saxlayıb. Azad olandan sonra - 2000-2005-ci illərdə İkinci İntifadaya qoşulub. Bu kampaniya xüsusilə qəddar olub. 3000-ə qədər fələstinli və 1000-ə yaxın israilli öldürülüb. Yaraqlılar kamikadzelərdən aktiv şəkildə istifadə edib, kütləvi şəkildə raketlər atıblar.
Bəzi məlumatlara görə, Deyf Qəzza zolağının altında yeraltı tunellərin tikintisinə göstəriş verib və bu tunellər vasitəsilə HƏMAS İsrail ərazisinə daxil olub. Terrorçu təkid edib ki, "İsrail ərazisinə istənilən vasitə ilə birbaşa hücumlar həyata keçirmək lazımdır ki, onu Qəzza xalqına qarşı rəftarının ən yüksək qiymətini ödəməyə məcbur etmək".
Cəhdlər və xəsarətlər
Deyf əlçatmaz terrorçu hesab edilir, lakin bəzi sui-qəsd cəhdləri zamanı o, ölümə yaxınlaşıb. 2014-cü ilin yayında İsrail onun 27 yaşlı həyat yoldaşını, 7 aylıq oğlunu və 3 yaşlı qızını öldürüb. İsrail mediası bu hücumu Deyfin həyatına altıncı qəsd cəhdi adlandırıb, lakin o, özü sağ qalıb.
2002-ci ildə Deyfin köməkçisi məhv edilib, 2006-cı ildə isə İsrail təyyarəsi onun olduğu evi bombalayıb. Ağır xəsarətlərə baxmayaraq, bu dəfə sağ qala bilib.
"New York Post”un məlumatına görə, cəhdlərdən biri nəticəsində Deyf onurğasını ağır zədələyib, sonra bir gözünü, qolunu və ehtimal ki, ayağını itirib. Deyfin əlil arabasında olduğu güman edilir.
Deyf necə görünür?
İndi heç kim Deyfin necə göründüyünü bilmir. Hazırda onun şəkilləri və ya videoları yoxdur, HƏMAS-la onilliklər boyu davam edən karyerası ərzində onun səsi yalnız bir neçə dəfə audio şəkilində qeydə alınıb.
HƏMAS yalnız bir neçə ildə bir dəfə - İsrailə qarşı müharibənin yeni mərhələsini elan etdikdə Deyfin səsi ilə audio bəyanatlar yayır. Çox güman ki, 7 oktyabr 2023-cü ildə İsrailə hücum elan edən HƏMAS-ın "Əl-Əqsa tufanı" əməliyyatını da elan edən səs onun səsi olub. Səs üzü görünməyən kişinin siluetinin fonunda səslənir. Deyfin hazırda harada olduğu məlum deyil.
Qanlı müharibənin "memarı"
Oktyabrın 7-də İsrailə qarşı hücumu planlaşdıran məhz Deyf olub. "Reuters"in məlumatına görə, o, əməliyyatı planlaşdırmağa 2021-ci ilin yazında baş verən hadisələrdən sonra başlayıb. Daha sonra İsrail polisi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib. İnsanlar orada barrikadalar qurublar. Gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edilib. Bu hücumun görüntüləri Deyfi qəzəbləndirib.
Hücumun hazırlanmasında Qəzza zolağında hərəkatın hazırkı lideri Yəhya Sinvar da iştirak edib. Lakin hücumun əsas ideoloqu məhz Deyf olub. Ona görə də onu qanlı müharibənin "memarı” adlandırmaq olar.
475 dəfə oxundu