"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF

 "Bakıya giriş ödənişli olsun" -
“Paytaxtda tıxac problemi hər zaman insanları düşündürən məsələ olub”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, təkliflərdə həm piyadaların, həm də sürücülərin hüquqları nəzərə alınmalıdır:

“Bütövlükdə isə tıxac paytaxt əhalisinin əsas problemlərindən biridir. Məsələn, bəzi ekspertlər tıxacları azaltmaq üçün işıqforların sayını azaltmağı təklif edirlər. Lakin bunun yanlış olduğunu düşünürəm. Mən daha çox piyada gəzənlər təbəqəsinə aid olduğum üçün işıqforların çox olmasını təqdir edirəm. Çünki bəzən yolu keçmək piyadalara çətinlik yaradır. Hətta bəzən avtomobillər piyada zolaqlarında belə onlara yol vermirlər. Ona görə də işıqforların çox olması daha yaxşıdır. Yəni işıqforların sayını azaltmaq tıxacdan çıxış yolu deyil. Əksinə, işıqforların sayını azaltmaq tıxacların artmasına da səbəb ola bilər”.

Partiya sədri Bakıdakı tıxacları azaltmaq üçün öz fikirlərini səsləndirib:

“Hazırda ölkədə avtomobillərin sayı həddindən artıq çoxdur. Ona görə də insanların işə getdiyi və işdən çıxdığı zamanlar tıxaclar daha çox olur. Düzdür, 7-8 il əvvəl həmin pik saatlarda yollarda daha dəhşətli vəziyyət yaşanırdı, avtomobillər saatlarla tıxacda qalırdı. Son illərdə yeraltı və yerüstü keçidlərin istifadəyə verilməsi, eləcə də yolların genişləndirilməsi tıxac probleminə çox müsbət mənada təsir etdi. Ancaq buna baxmayaraq, yenə də tıxaclar davam edir”.

Akif Nağı hesab edir ki, tıxacları azaltmaq üçün paytaxta girişi ödənişli etmək olar:

“Nəzərə almaq lazımdır ki, artıq yolların genişlənməsi üçün imkan yoxdur. Bundan sonra 2-3 mərtəbəli yollar salınması mümkündür. Yəni Çində və Avropanın bəzi ölkələrində olduğu kimi, belə körpülər inşa etmək tıxacların həllinə kömək edə bilər. Bu barədə düşünmək lazımdır. Həmçinin, avtomobillərin şəhərə girişi ödənişli ola bilər. Dünyada belə bir praktika var. Məsələn, Bakıda da bunu etmək olar. Paytaxtdan kənarda yaşayanlar avtomobillərini şəhərin girişində saxlayaraq, ictimai nəqliyyatdan istifadə edə bilərlər. Bakıya girişin ödənişli olmasını da düşünmək olar”.

Həmsöhbətimizin daha bir təklifi olub:

“Fikrimcə, tək və cüt nömrələr təcrübəsindən istifadə etmək olar. Yəni həftənin tək günləri avtomobil qeydiyyat nişanı tək, cüt günləri isə cüt olan maşınların yollara çıxması mümkündür. Dünyanın bəzi ölkələrində bu qayda tətbiq olunur. Paytaxtımızdakı tıxaca qarşı effektli bir metod olar. Əgər tıxac problemi kritik həddə çatarsa, bu metodlardan istifadə gündəmə gələ bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...