Yeni qərar bazarı silkələdi: Azərbaycanda ət bahalaşacaq

Yeni qərar bazarı silkələdi:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyub. Məhdudiyyətə səbəb Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin qeydə alınmasıdır. Ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar çoxdur.

Məlum olduğu kimi, Gürcüstan Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24% və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun idxalının 68%-nı təşkil edib.

AQTA tərəfindən qəbul edilən Gürcüstandan xırdabuynuzlu heyvanların idxalının məhdudlaşdırılması qərarı ölkədə ət bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, qadağalar üzün müddət davam edərsə, ət məhsullarının qiymətində ciddi bahalaşma qaçınılmazdır:

“Əgər bu uzunmüddətli qadağa olsa, təəssüf ki, daxili bazarda qiymətlərin artımına səbəb olacaq. Çünki Gürcüstandan idxal olunan məhsullar daxili bazarın sabitləşməsində ciddi və mühüm rol oynayırdı. Əgər bu qadağaların uzadılması ilə bağlı qərarlar olsa və bir neçə həftə yaxud ay çəksə, qiymətlərin ciddi artımı müşahidə oluna bilər”.

Ekspert ölkəmizin iri və xırdabuynuzlu heyvan idxalında ciddi dərəcədə xaricdən asılı olduğunu qeyd edib:

“Son illərin statistikasına baxsaq, görərik ki, Gürcüstandan və digər ölkələrdən idxal olunan iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalında ciddi artım müşahidə olunur. Faiz nisbətini demək təəssüf ki, çətindir. Çünki rəsmi statistik məlumatlarda bu konkret göstərilmir. Amma istənilən halda asılılığın ciddi dərəcədə yüksək olduğu bilinir. Ona görə də uzun müddət qadağa qüvvədə qalarsa, ət qiymətlərinə və diri heyvan satışına təsirsiz ötüşməyəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...