Yeni nazir kimdir? - Dosye

Yeni nazir kimdir? -
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, Fərid Əhmədov nazir vəzifəsinə təyin edilənədək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub. O, 2022-ci ildən sözügedən vəzifəni icra edirdi.

2021-2022-ci illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olan F.Əhmədov 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini də tutub. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Fərid Əhmədov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb. Həmçinin 2016-cı ildə “Oksford” Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə gəlincə, F.Əhmədov 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi işə başlayıb. 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.

O,1979-cu ildə Bakıda anadan olub. Ailəlidir, üç övladı var.

Fərid Əhmədovun atası Turab Əhmədov riyaziyyatçı alimdir. O, daha əvvəl Slavyan Universitetində prorektor, AMEA-d İşlər idarəsinin müdiri vəzifələrində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...