İmtahandan kəsilən namizədlər Prezidentə müraciət etdilər

İmtahandan kəsilən namizədlər Prezidentə müraciət etdilər
İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil üzrə fəlsəfə doktoru imtahanından kəsilən namizədlər Prezident İlham Əliyevə məktubla müraciət ediblər.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, məktubu imzalayan namizədlər imtahanda minimum keçid balının yüksək olması və sualların çətinliyi səbəbindən gələcək elmi fəaliyyətləri qarşısında ciddi maneə yaradıldığını bildiriblər.

Onlar müraciətdə həm əvvəlki illərdə doktorantura və dissertantura pilləsini bitirmiş, həm də hazırda həmin pillədə təhsil alan şəxslərin fəlsəfə doktoru üzrə minimum xarici dil imtahanının ləğv edilməsini və ya 2019-cu ilədək olan səviyyədə yüngülləşdirilməsini (və ya güzəşt edilməsini), doktoranturaya və dissertanturaya qəbul üzrə balların fəlsəfə doktoru üzrə minimum xarici dil balı kimi qəbul edilərək 5 il sonra təkrarən keçirilməməsini, həmçinin minimum xarici dil imtahanlarının ciddi surətdə yumşaldılması və yaxud məsələnin digər müsbət şəkildə öz həllini tapmasına köməklik göstərməyi xahiş ediblər.

Dövlət İmtahan Mərkəzindən məsələyə münasibət bildirilib. DİM-in mətbuat katibi Xanlar Xanlarov qeyd edib ki, iyunun 12-də keçirilmiş imtahanda istifadə olunan kitabçalar izahları ilə bərabər Mərkəzin saytına yerləşdirilib: “Mütəxəssislər baxıb rəy verə bilər”.

DİM rəsmisi onu da əlavə edib ki, doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və 13-16 iyun tarixlərində qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 7 iyul 2022-ci il tarixində növbəti imtahan keçiriləcək.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından isə bildirilib ki, imtahan müvafiq qərara uyğun olaraq keçirilir:

"Ali Attestasiya Komissiyasının 2022-ci il 28 yanvar tarixli müvafiq qərarı ilə xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün keçid balı 35 baldan 30 bala endirilib və bu bal CEFR-ın B2 dil səviyyəsinə bərabər tutulub".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...