Tərtər rayonundan yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib

Tərtər rayonundan yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib


Tərtər rayonundan Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə Heydər Əliyev adına parkda görüş keçirilib.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Sahib Alıyev, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, rayonun təhsil işçiləri və qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.

Əvvəlcə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.

Rayon rəhbəri qeyd edib ki, müasir gənclik daha vətənpərvər, daha mübarizdir. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, məhz onların sayəsində 30 ildən sonra torpaqlarımız işğaldan azad oldu. Milli Ordumuz Zəfər tarixinin şanlı səhifəsini yazdı. Yüzlərlə şəhid verdik, yüzlərlə qazimiz oldu. Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə can sağlığı diləyirik, şəhid analarının qarşısında baş əyirik.

Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını şəhər 5 saylı və Xoruzlu kənd tam orta məktəblərinin yeni inzibati binalarının tikintisi üçün layihə smeta sənədlərinin artıq hazır olduğunu bildirib.

Rayon rəhbəri vurğulayıb ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Qeyd olunub ki, 2020-2021-ci tədris ilində umumtəhsil məktəblərini 584 nəfər məzun bitirib. Məzunlardan 326 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan ilkin olaraq 206 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev, deputat Ağalar Vəliyevin köməkçisi İlham Musayev çıxış edərək məzunları təbrik ediblər.

Sonda qabaqcıl repititor müəllimlərə və tələbə adını qazanan məzunlara, rayon icra hakimiyyəti və deputatlar tərəfindən fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkilib.

Tərtər rayonundan yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...