Şəhid mayor Vidadi Əhmədovun həyat hekayəsi - FOTOLAR

Şəhid mayor Vidadi Əhmədovun həyat hekayəsi -

Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid mayor Vidadi Əhmədovun qısa və mənalı həyatı gələcək nəsillər üçün bəlkə də hələ bir yüz il örnək ola bilər. Onun həyat hekayəsini yazmaq üçün qaynı Natiqlə vədələşdiyimiz vaxtda görüşüb ailəsinin yaşadığı evə getdik.

Evə girən kimi səliqə-sahmandan , mühitdən dərhal hiss olunur ki, hərbçi evindəyik. Üzərinə şəhid mayorun şəkilləri və saysız hesabsız təltifləri, diplomları yerləşdirilmiş stolun ətrafındakı stullların “baş”ından onun hərbi geyiminin pencəkləri asılsa da, bir stulda balaca bir qız əyləşərək dünyadan xəbərsiz qucağındakı kuklası ilə oynayır.Bu Vidadi Əhmədovun yadigarı-4 yaşlı qızı Güldür...

Vidadi Murad oğlu Əhmədov 1979-cu ildə Salyan şəhərində anadan olub. Atası Murad kişi rayonun ən hörmətli taksi sürücülərindən biri olub. Anası Bağdagül isə evdar qadın olub. Hər ikisi bir neçə il əvvəl dünyasını dəyişib.

Vidadigil ailədə 2 qardaş , bir bacı olublar. Qardaşı Xəqani Əhmədov da hərbçi olub, bu yaxınlarda mayor rütbəsində ehtiyata buraxılıb. Bacısı Nuranə Hacıyeva Salyan şəhərindəki 2 saylı orta məktəbdə müəllimə işləyir.

Vidadi Əhmədov 1996-cı ildə Salyan şəhərindəki 1 saylı orta məktəbi bitirib. Elə həmin ildə də H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi tədris müəssisəsini 2000-ci ildə zirehli tank və avtomobil texnikasının istismarı ixtisası üzrə mühəndis kimi bitirib. 2000-2002-ci illərdə zabit kimi Murovdağda xidmət edib. Gənc zabit Vidadi Əhmədov 2002-2005-ci illərdə İraqda sülhməramlı qüvvələrin sıralarında xidmətdə olub. 2005-2011-ci illərdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində kapitan rütbəsində bölük komandiri kimi qulluq edib. 2011-2014-cü illərdə Ali Hərbi Məktəbdə müəllim işləyib. 2014-2016-cı illərdə Tərtərdəki hərbi hissələrdən birində komandirin şəxsi heyətlə iş üzrə müavini olub. Aprel döyüşlərində iştirk edib. 2014-cü il yanvar ayının 1-də 20 il qüsursuz xidmətinə görə ehtiyata buraxılıb. Mayor Vidadi Əhmədovun Silahlı Qüvvələrin sıralarında qüsursuz xidməti layiqincə qitmətləndirilib, dəfələrlərlə medallarla təltif olunub. Son vaxtlar Salyan peşə liseyində texniki işçi kimi işləyirmiş.

2-ci Qarabağ müharibəsi başladıqdan sonra 29 sentyabr tarixində könüllü səfərbərlik çağrışı ilə döyüşlərə qatılıb. Fizuli istiqmətində gedən ağır döyüşlərin iştirakçısı olub. Belə döyüşlərin birində ondan 100 metr aralıya düşmüş top mərmisinin partlayışı nəticəsində sinəsindən aldığı qəlpə yarasından şəhid olub.

Vidadi Əhmədov evli idi, 2 qızı var, yadigarları-11 yaşlı Yasəmən və 4 yaşlı Gül.

Şəhid mayorun həyat yoldaşı Zəhra xanım ali təhsilli müəllimədir, Bakı Dövlət Unversitetinin mexanika-riyaziyyat fakultəsini bitirib.Əvvəllər Salyan şəhərindəki 3 saylı orta məktəbdə müəllimə işləsə də , sonralar hərbçi olan həyat yoldaşının iş yeri ilə əlaqədar Bakıya köçüblər. Həmin vaxtlar Zəhra xanım Naxçıvanski adına Hərbi Məktəbdə informatika müəllimi işləyib. Hazırda isə Salyan peşə liseyinin müəllimidir.

Zəhra Əhmədva Vətən torpaqlarının azadlığı uğrunda canından keşmiş həyat yoldaşı haqqında xatirələrini danışır: “Vidadi çox intizamlı adam idi. Bu intizamı hətta ailəyə belə gətirimişdi. Ailədə çox gülərüz və mehriban idi. İki qızımızı-Yasəmən və Gülü birlikdə “güllərim” deyə çağırardı. Vətənpərvər, Vətəni canından belə çox istəyən hərbçi idi. Uşaqları da vətənpərvərlik ruhunda tərbiyə edirdi. Uşaqlar ataları ilə yalnız bəli-xeyrlə danışardılar. Ətrafda baş verənlərə çox soyuqqanlı görünməyə çalışsa da bir dəfə evə gəlib hönkür-hönkür ağlamışdı. Dostu general Polad Həşimov şəhid olmuşdu o gün... Oktyabr ayının 5-də zəng vurub dedi ki, “məndən bir müddət xəbər olmasa, narahat olma-irəliyə gedirik”. Mənə həmişə deyirdi ki, “sən qorxma-düşmən məni nə üzbəüz, nə də snayperlə vura bilməz. Məni yalnız onda vura bilərlər ki, göydən yanıma nəsə atsınlar...”. Elə belə də oldu...Vidadi düşmənin top atəşi nəticəsində oktyabr ayının 8-də şəhid oldu. Canından artıq sevdiyi torpağa isə oktyabr ayının 12-də tapşırıldı.

Birgə arzularımız çox idi, qismət olmadı.Vətən sağ olsun...”.

Sonda şəhid mayorun həyat yoldaşı Zəhra xanım ən böyük arzusunun Vidadi Əhmədovun xatirəsinin əbədiləşdirilməsi üçün yaşadıqları küçəyə onun adının verilməsi olduğunu dedi.

Emil Məmmədov, Salyan

Şəhid mayor Vidadi Əhmədovun həyat hekayəsi -
Şəhid mayor Vidadi Əhmədovun həyat hekayəsi -
Şəhid mayor Vidadi Əhmədovun həyat hekayəsi -
Şəhid mayor Vidadi Əhmədovun həyat hekayəsi -
Şəhid mayor Vidadi Əhmədovun həyat hekayəsi -
Şəhid mayor Vidadi Əhmədovun həyat hekayəsi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...