Səhiyyədəki durumla bağlı deputatla komitə sədri arasında mübahisə...
"Azərbaycanda səhiyyənin keyfiyyəti xeyli aşağıdır, özümüzü aldatmayaq. Hətta mən hesab edirəm ki, Azərbaycan alternativ tibb universitetinin açılması üçün Türkiyəyə müraciət etməlidir”.
Bu fikirləri deputat Fazil Mustafa söylədi.
O, daha sonra tibb sahəsində də rəqabət mühitinin yaradılmasına çağırdı: “Rəqabət olmadığı halda, keyfiyyətli tibbi xidmət mümkün deyil. Bu gün səhiyyədə reklam və ya digər səbəblər nəticəsində olduqca ciddi narahatlıq yaradan amillər var. Məcburi tibbi sığorta bütün Azərbaycan üçün tətbiq olunmalıdır. Kimin imkanı varsa Türkiyəyə, kimisi də Avropaya gedir. İmkansızlar İrana gedirdi, orda da qiymətləri bahalaşdırdılar. İndi imkansızlar pulsuzluqdan sakitcə evində öləcək. Pilot layihə hara qədər davam edəcək? Biz bu pilotla nə qədər uçacağıq? Türkiyə, başqa dövlətlər icbari tibbi sığortaya keçib, biz niyə tətbiq etməyək?”
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə həmkarının tənqidinə reaksiya verdi: “Siz bu fikirləri söyləyəndə bunu əsaslandırmağa çalışın. Əgər bilmirsinizsə, bunu öyrənin. İkincisi də Tibb Universitetinin həm kadr bazası, həm də maddi-texniki bazası günbəgün artır. Bir dəfə Tibb Universitetinə gedin, görərsiniz ki, səviyyə necədir. Bu gün Türkiyədən gələn mütəxəssislər bizim Tibb Universitetinin maddi-texniki bazasına həsədlə baxırlar. Xahiş edirəm, bilmədiyiniz şeyləri deməyin! Əgər fikir versəniz, dünya ölkələri neçə ildə icbari tibbi sığortaya keçib, onda bilərsiniz ki, bir-iki ilə tibbi sığortaya keçmək heç də gec deyil. Mən əminəm ki, yaxın illərdə ölkəmiz tam icbari tibbi sığortaya keçəcək”.
728 dəfə oxundu