Tikinti obyekti və fərdi evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək
Azərbaycanda sahibkarlar tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına və məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçılar tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı ödəyəcək.
APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin fevralın 28-də imzaladığı “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Qoşulma haqqı enerji təchizatı müəssisəsi (ETM) tərəfindən layihə sənədlərinin hazırlanmasına, enerji təchizatı şəbəkəsinin (ETŞ) gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Nazirlər Kabinetinin müəyyən etdiyi vahid məbləğ olacaq. Qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Nazirlər Kabineti müəyyən ediləcək. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən ediləcək. O cümlədən, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyəcək.
Nazirlər Kabineti bir ay müddətində İqtisadiyyat Nazirliyinin, Energetika Nazirliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. Nazirlər Kabinetinə bir ay müddətində məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçıların tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı prosedur və müddətlərin azaldılması üçün qanunvericilikdə dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Eyni zamanda Nazirlər Kabineti iki ay müddətində məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçıların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmanı ilə təsdiqlənmiş və indiyə qədər qüvvədə olan “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”sına əsasən sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir. İndiyə qədər birinci mərhələ sifarişçinin “ASAN Kommunal” mərkəzlərinə müraciəti, texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsini (göndərilməsini) əhatə edib. Bundan sonra bu mərhələ sifarişçinin mərkəzlərə müraciəti, qoşulma haqqının ödənilməsi, texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsini (göndərilməsini) əhatə edəcək. İndiyə qədər ikinci mərhələ layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulmasını əhatə edib. Qoşulma haqqının tətbiqi ilə əlaqədar ikinci mərhələdə layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi tələbi ləğv olunub. Başqa sözlə, layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1 (bir) kVt gücə görə ƏDV daxil olmaqla 2,5 manat vəsait ödənilib və artıq layihə-smeta sənədləri ilə bağlı bu məbləğ ödənilməyəcək. Üçüncü mərhələdə isə tikinti obyektinə elektrik enerjisinin verilməsi təmin olunacaq.
ETM-in mərkəzlərdəki nümayəndəsi müvafiq yerli icra hakimiyyəti orqanının sorğusunu və sifarişçinin ərizəsini, müvafiq yerli icra hakimiyyəti orqanı isə sifarişçinin ərizəsini qəbul etməkdən imtina edə bilməz. Sifarişçinin inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan sonra onun müraciətinə əsasən, bu Qaydaya uyğun olaraq həyata keçirilir. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi qoşulma haqqından əlavə, heç bir haqq ödəməyəcək. Qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır.
959 dəfə oxundu