Prezident təzə yolun açılışını etdi - FOTOLAR
Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, yolun ümumi uzunluğu 26 kilometr, eni isə 12 metrdir. Üçüncü texniki dərəcəli yol iki hərəkət hissəlidir. Hərəkət hissələrinin hər birinin eni 3,5 metrdir. Layihə çərçivəsində iki yeni körpü və beş yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb.
Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan Aran-Qarağacı hissəsinin rəmzi açılışını bildirən lenti kəsib.
838 dəfə oxundu