Abşeronda piyadaların qəniminə çevrilən yol - VİDEO
Abşeron rayonunun Digah qəsəbəsindən keçən magistral yolda avtomobillər yüksək sürətlə idarə olunur. Yola sürücülər üçün təhlükəsizliyə dair bütün xəbərdaredici nişanlar qoyulsa da, qaydalara əməl edən yoxdur.
Bununla bağlı Digah qəsəbəsində yaşayan sakinlər Xəzər TV-yə şikayət ediblər. Onların sözlərinə görə, yol həm də qəsəbədəki məktəbin qarşısından keçdiyindən şagirdlər üçün əsl təhlükəyə çevrilib.
Bir neçə gün əvvəl həmin yolda Digah qəsəbə sakini, 5-ci sinif şagirdi Firuz İsgəndərov yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. Bu hadisədən sonra sakinlər uşaqlarını məktəbə göndərməyə ehtiyat edirlər.
Sakinlər deyirlər ki, bu son 6 ay ərzində qəsəbədaxili yolda 7 piyada vurulması hadisəsi baş verib. Nəticədə 2 nəfər dünyasını dəyişib. Şagirdlər isə hesab edirlər ki, sürücülər digər nişanlara məhəl qoymadıqlarına görə, bu yolda radar quraşdırılması daha düzgün olar.
Problemlə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, Abşeron rayon DYP əməkdaşları əraziyə nəzarəti gücləndirəcək və ehtiyac olarsa, həmin küçədə sürət həddini müəyyən etmək üçün xüsusi texniki vasitələr- radarlar quraşdırılacaq.
795 dəfə oxundu