AzTV rəhbərinə sui-qəsddə təqsirləndirilənin məhkəməsi başladı

AzTV rəhbərinə sui-qəsddə təqsirləndirilənin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov və digərlərinin məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

Q.Cəbiyev dövlət tərəfindən ona təyin olunan vəkili istəmədiyini deyib və bildirib ki, özü başqa vəkillə müqavilə İmzalayıb. Lakin həmin vəkil bugünkü prosesdə iştirak etməyib. Buna görə də iclas təyinatlı vəkillə davam etdirilib.

Ş.Əkbərovun vəkili Bəxtiyar Hacıyev vəsatət verərək cinayət işi materialları ilə tanış olmaq üçün iclasın təxirə salınmasını istəyib.

Proses martın 1-də davam davam etdiriləcək.

Qeyd edək ki, istintaq zamanı təqsirləndirilən Müsabi Namazov barəsində cinayət işinə sonradan xitam verilib. O, bu gün məhkəməyə çıxarılmayıb.

İttihama görə, Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Musabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaratmaqda ittiham edilir.

O, həmçinin dələduzluq yolu ilə ələ keçirdiyi 4,6 milyon manatı geri qaytarmamaq üçün Alışanovu öldürmək məqsədi ilə dəstə yaratmaqda təqsirləndirilir. Buna görə dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Ş.Əkbərov 2016-cı ilin dekabrın 13-də A.Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilib və onu, qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi qəsdən öldürməsini sifariş edib. Lakin sonradan dəstə üzvü M.Namazov cinayətdən könüllü imtina edib.

Ş.Əkbərov yeni dəstə üzvü tapmağı Q.Cəbiyevə tapşırıb. Bu işə keçmiş məhkum Z.Şirinov 100 min manata cəlb edilib.

Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı 99 - AA - 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib. Lakin A.Alışanov gözlənilmədən “Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi “NİVA” markalı 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib.

Zöhrab Şirinov avtomaşını idarə etdiyi “NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

Bu hadisədən sonra Ş.Əkbərov vəd verdiyi 100 min manatdan 3 minini Z.Şirinova verib. Növbəti plan isə Alışanovu güllələmək olub. Bu plana Ş.Əkbərovun sürücüsü Aqşin Hüseynov da cəlb edilib. Alışanov Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən onu “Kalaşnikov”la vurmaq planlaşdırılıb. Bu tapşırıq isə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinova həvalə edilib.

Lakin daha öncə dəstədən ayrılan Musabi Namazov sui-qəsd planı barədə polisə məlumat verib və keçirilən əməliyyatla Ş.Əkbərov, Q.Cəbiyev, M.Namazov, A.Hüseynov və Z.Şirinov saxlanılıb. M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs qərarı verilib.

Ş.Əkbərov ona qarşı irəli sürülən dələduzluq, silahlı dəstə yaratma və sui-qəsd ittihamlarını rədd edib və və həbsinin A.Alışanovun sürücüsü Hacı Babayevlə Müsabi Namazov tərəfindən təşkil edildiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...