Magistraturaya sənəd qəbulu bu gün başa çatır
2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 manat) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 12 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Elektron ərizələrini DİM-də təsdiq etdirməli olan digər bakalavrlar isə tələb olunan sənədləri saat 17:00-dək Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
946 dəfə oxundu