Məcburi köçkün gənclərlə bağlı layihə yekunlaşdı - FOTOLAR
BAMF-ın Amerikanın dəstəyi ilə həyata keçirdiyi məcburi köçkün gənclərlə bağlı layihəyə yekun vurulub
Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyilə həyata keçirdiyi “Regionlarda məcburi köçkün gənclərin Vətəndaş Cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi” layihəsinin bağlanış tədbiri keçirilib.
Rayona səfər edən qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri cəbhə xəttində yerləşən Tərtər rayonunun sosial—iqtisadi inkişafı haqqında onlara geniş məlumat verib. BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri də yüksək qiymətləndirib. Rayon rəhbəri ölkədə kənd təsərrüfatına göstərilən qayğının nəticəsində Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə-tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib.
İcra başçısı tədbir iştirakçılarına may ayından başlayaraq noyabrın əvvəllərinə kimi işğal altındakı Sərsəng su anbarından Tərtər rayonu istiqamətində axan Tərtər çayının qarşısının ermənilər tərəfindən bağlanması səbəbindən bölgədə əkin sahələrinin suvarılmasında problemlərin yaranması, çaylarla partladıcı maddələrin axıdılmasına dair də məlumat verib.
Tədbirdə Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, BAMF-ın prezidenti Umud Mirzəyev, Amerika səfirliyinin nümayəndələri siyasi şöbənin əməkdaşı Villiam Solley və qaçqınlarla iş üzrə regional koordinator Conatan Heys eləcə də layihənin əhatə etdiyi Bərdə, Tərtər, Ağdam rayonlarından olan məcburi köçkün gənclər, müxtəlif icra strukturu nümayəndələri iştirak edib.
Tədbirdə layihə çərçivəsində görülən işlərə dair, eləcə də BAMF-ın humanitar proqramların həyata keçirilməsində Amerika hökuməti ilə 15 ildən çox davam edən əməkdaşlığına, Amerikanın Azərbaycandakı səfirliyinin, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin, İREX-in dəstəyi ilə həyata keçirilən müxtəlif layihələrə dair videoçarx nümayiş olunub, təqdimatlar keçirilib. Daha sonra ətraf mühitin və dayanıqlı inkişaf hədəflərinin təşviqi, erkən nigah və onun fəsadları, narkomaniya və tütün istehsalına qarşı maarifləndirmə, sülhü təbliğ etməklə zorakılıq və ekstremizmə qarşı mübarizə,tariximizin və mədəniyyətimizin təbliği mövzularında gənclərin iştirakı ilə hazırlanan forum teatrlar təqdim edilib.
Tədbir çərçivəsində Bərdə rayon 866 saylı məcburi köçkün qəsəbəsinin gənclərinin əl işlərindən təşkil olunmuş “Bacarıqlı Əllər” adlı rəsm sərgisi və ədəbi nümunələrinin nəşr olunduğu kitabçanın təqdimatı keçirilib. Tədbirin bədii hissəsində uşaqların hazırladıqları musiqi və teatr səhnəciklərinə yer ayrılıb.
Tədbir sonrası Amerika səfirliyinin nümayəndələri BAMF-ın regionda gördüyü işlərlə tanış olub, Tərtər Peşə Təlim Mərkəzini ziyarət ediblər. Qonaqlar BAMF-ın geniş humanitar fəaliyyətini müsbət qiymətləndiriblər. BAMF prezidenti əldə olunan nailiyyətləri və görülən işləri Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti arasında uğurlu əməkdaşlığın nümunəsi adlandırıb.
Qeyd edək ki, layihənin əsas məqsədi, məcburi köçkün gənclərin ideyalarını dəstkələyərək, qeyri-formal təhsil metodları ilə (forum teatrlar, göstərilər) onların cəmiyyətə inqerasiyasını artırmaq və vətəndaş cəmiyyəti quruluşunda iştiraklarını yaxşılaşdırmaqdan ibarətdir. Layihənin birinci mərhələsində layihə yazmaq, layihələrin idarə olunması və icma üçün maliyyə axtarışı kimi təlimlərdə fəal iştirak edən məcburi köçkün gənclərlə Tərtər rayonunda “Təmiz Tərtər”, “Narkomaniyaya yox deyək!”, Ağdam rayonunda “Nə ? Harada ? Nə zaman?”, “Bərbərlik sənəti”, Bərdə rayonunda isə “Bacarıqlı əllər” və “Rəqqas misralar” adlı kiçik layihələr artıq uğurla həyata keçirilmişdir.
921 dəfə oxundu