Bələdiyyə hasarının altında qaldı, maraqlanan olmadı
Xəbər verildiyi kimi, yanvarın 9-da güclü külək nəticəsində Binəqədi rayon bələdiyyəsinə məxsus qarajın hasarı 1992-ci il təvəllüdlü Əhməd Fərman oğlu Əliyevin üzərinə aşıb. Daşların arasında sıxışıb qalan Əliyevi yaxınlıqdakı evlərin sakinləri xilas ediblər. Gəncin onurğası, qolu sınıb, ayaqlarından ciddi xəsarət alıb.
Əhmədin yaxınları Binəqədi bələdiyyəsindən şikayətçidirlər. Onların sözlərinə görə, hasarın qəzalı olması ilə bağlı hələ bir neçə ay əvvəldən məlumat verilib, lakin bələdiyyə şikayətlərə reaksiya verməyib. “Hasar elə vəziyyətdə idi ki, hər an uça bilərdi. Yaxınlıqda yaşayanlar bu barədə Binəqədi rayon bələdiyyəsinə məlumat vermişdilər. Görünür, tədbir görmək üçün hansısa bədbəxt hadisənin olmasını gözləyiblər. Buna görə də, bələdiyyə rəhbərliyinin məsuliyyətə cəlb olunmasını istəyirik ”, -şikayətçilər virtualaz.org saytına bildiriblər.
Qonşular deyirlər ki, Əhməd bir saata yaxın daşların arasında qalıb: “Ayağına mismar, dəmir batmışdı, qan itirmişdi. Görünür, köməyə adam çağırıb, amma eşidən olmayıb. Mən təsadüfən keçəndə zəif inilti eşitdim, gördüm ki, bir nəfər daşların arasında qalıb. Daşları güclə kənara çəkdim, sonra qonşuları köməyə çağırdım. Qonşuların köməyi ilə çuxurdan çəkib çıxardıq”.
Əhməd hazırda 1 saylı şəhər xəstəxanasında müalicə alır. Həkimlər vəziyyətini orta-ağır qiymətləndirirlər. Onurğasından ciddi zədə aldığından tərpənə bilmir. Uzun müddət müalicə almalıdır. Yaxınları söyləyirlər ki, hadisə baş verən gündən indiyə kimi Binəqədi bələdiyyəsindən Əhmədin vəziyyəti ilə maraqlanmayıblar. Hətta hadisənin hansı şəraitdə baş verdiyi də araşdırılmır. “Bu bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Hasarın küləyə dözməyəcəyi əvvəldən bəlli idi. Buna görə də, araşdırma aparılmasını, ədalətli qərar çıxarılmasını gözləyirik”, -şikayətdə deyilir.
856 dəfə oxundu