Milli Məclisin İntizam komissiyasının səlahiyyətləri müəyyənləşir

Milli Məclisin İntizam komissiyasının səlahiyyətləri müəyyənləşir

Milli Məclisin İntizam komissiyasının səlahiyyətləri müəyyənləşir.

APA-nın məlumatına görə, bu, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq zərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnamə layihəsində əksini tapıb.

Layihəyə əsasən, İntizam komissiyasının aşağıdakı səlahiyyətləri olacaq:

- “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət edilməsinə nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;

- Etik davranış qaydaları barədə deputatları məlumatlandırmaq;

- Deputatın həyata keçirdiyi və ya nəzərdə tutduğu fəaliyyətin “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun 5.1-ci maddəsinin tələblərinə uyğunluğu barədə qənaətə gələ bilmədiyi məsələyə dair rəy vermək;

- Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallar barəsində verilən məlumata dair rəy vermək;

- Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

- Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

- Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsaslara görə, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək, yaxud deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi barədə rəy qəbul edib Milli Məclisin müzakirəsinə təqdim etmək;

- Deputat toxunulmazlığına xitam verilməsi haqqında Baş Prokurorun təqdimatına Milli Məclisin Sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin müzakirəsinə təqdim etmək;

- Konstitusiyanın 98-ci maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən hallar olduqda, Milli Məclis Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputatın mandatından mərhum edilməsi haqqında qəbul etdiyi rəyi Milli Məclisin sədrinə təqdim etmək;

- Daxili Nizamnamənin 4-cü maddəsinin üçüncü hissəsinə əsasən, Milli Məclisin iclasının stenoqrammı rəsmi dərc olunanadək deputatı öz çıxışının mətni ilə tanış olması ilə bağlı yarana bilən mübahisələri və həmin mətinə dair fikir ayrılıqlarını həll etmək;

- Deputatın maliyyə xarakterli məlumatlarını təqdim etməsinə nəzarət etmək;

- Deputatın maliyyə xarakterli məlumatlarını qəbul etmək və həmin məlumatlar üzrə ilkin araşdırma aparmaq;

- Deputat barəsində intizam icraatı başlamaq və ona xitam vermək;

- Görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Milli Məclisin Sədrinə məlumat vermək;

- Daxili Nizamnamədə və bu Əsasnamədə nəzərdə tutulmuş digər səlahyiyətləri həyata keçirmək.

İntizam komissiyası ondan asılı olmayan səbəblərdən deputata maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verilməsi barədə deputatın məlumatına əsasən “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələrin Milli Məclisin Aparatına akt üzrə təhvil verilməsinə nəzarət edəcək.

İntizam komissiyası bu səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarından (qurumlarından), hüquqi və fiziki şəxslərdən lazımi informasiya və materiallar əldə etmək, habelə deputatlardan izahat almaq hüququ var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...