Deputat QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almasına aydınlıq gətirib

Deputat QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almasına aydınlıq gətirib

Milli Məclisin deputatı, qeyri-hökumət təşkilatı olan Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə təşkilatının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant almasına aydınlıq gətirib.
Ç.Qənizadə “Report”a açıqlamasında deyib ki, burada qeyri-qanuni əməl yoxdur.
Onun sözlərinə görə, bu məsələyə yanaşma düzgün deyil: “Bunu sosial şəbəkədə Qubad İbadoğlu paylaşıb. Onun diqqətinə çatdırıram ki, Demokratiya və İnsan Hüquqları Komitəsi 1999-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Rəsmi olaraq 20 ildir ki, fəaliyyət göstərir. Nəzərə alsaq ki, təşkilatın 1995-ci ildən qeydiyyata düşənə qədər fəaliyyət dövrü olub, deməli, 24 ildən çox fəaliyyətdə olduğunu söyləmək olar. Eyni zamanda, millət vəkili seçildikdən sonra Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri olaraq qalmışam və qalmaqda da davam edirəm. Qanunla millət vəkili olmağımla bərabər QHT-yə rəhbərlik etməyim yolveriləndir və burada qanunazidd hərəkət yoxdur. Paylaşımınızda millət vəkillərinin Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna səs verməklə əlaqədar həm də adıçəkilən təşkilatdan maliyyə dəstəyi almağını maraqların toqquşması kimi qeyd edərək, bunun qanunazidd olduğunu bildirirsiniz. Nəzərinizə çatdırıram ki, bu halda maraqların toqquşmasından söhbət gedə bilməz. Çünki qanun yalnız bizim təşkilatla bağlı deyil. Ümumilikdə, ölkədə QHT-ləri əhatə etdiyi üçün mənim bu qanuna səs verməklə sonra dövlət tərəfindən elan edilən müsabiqədə qalib gələrək təşkilatımın 7 min manat qrant alması maraqların toqquşması kimi qeyd oluna bilməz. Bu, yanlış fikirdir. Daha sonra nəzərinizə çatdırmaq istəyirəm ki, siz bilərəkdən “millət vəkillərinin 7 minə ehtiyacı var” deməklə cəmiyyəti çaşdırmağa hesablanmış fikri paylaşmısınız. Özünüz QHT rəhbəri olaraq bilirsiz ki, alınan pulun hamısı QHT rəhbərləri, yaxud da onun nümayəndələrinin cibinə getmir”.
Deputat əlavə edib ki, 7 min manat pulun 2950 manatı layihəni reallaşdıran şəxslərin məvacibinə xərclənir: “Yeddi min manatdan 4 min manatı bu tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bura ezamiyyə xərcləri, müəyyən çap materiallarının, nəqliyyat xərclərinin, tədbir iştirakçıların yemək və qalmaq xərcləri daxildir. Eyni zamanda, sosial və vergi tutumları da bura daxildir. Qalan pulun əmək haqqı şəklində təşkilatımızın nümayəndələrinə 5 ay müddətində verilməsində qeyri-qanuni nəsə görmürəm. Təşkilatımın 41 nəfər üzvü var. Onların içində ziyalılar, hüquqşünaslar və digər peşə sahibləri də var. Onların içində xeyli insanlar var ki, işsizdirlər. Aldıqları pensiya ilə dolanmaq məcburiyyətindədirlər. Layihələrin reallaşdırılması zamanı onların əməyindən istifadə etməklə ayda onlara 100-130 manat əməkhaqqının verilməsi aztəminatlı ailələrə maddi dəstək kimi başa düşülməlidir. Ancaq sizin bilərəkdən 7 min manat qrant pulunu QHT rəhbərinin alması kimi qeyd etməniz olduqca yanlış və qərəzlidir".
Parlamentin üzvü vurğulayıb ki, Qubad İbadoğlunun fikirləri cəmiyyəti çaşdırmağa xidmət edir: “Biz dəfələrlə bu cür layihələrdə iştirak etsək də, (hər dəfə də olmasa) qalib kimi çıxaraq müəyyən layihələri udmuş hesab olunuruq və fəaliyyət göstəririk. QHT-də çalışan Azərbaycan vətəndaşları ildə bir-iki dəfə evinə 100-150 manat civarında əmək haqqı aparması hansı qanun pozuntusudur ki, siz yanlış fikir irəli sürməklə cəmiyyəti çaşdırmaq istəyirsiz? Bir məsələni də diqqətinizə çatdırım ki, sizdən və digərlərindən fərqli olaraq xarici şirkət və təşkilatlardan qrant almamışam. Adını hallandırdığınız millət vəkilləri də mənim kimi fəaliyyət göstərirlər. İstənilən vaxt QHT-lərə Dövlət Dəstəyi Şurasından mənim layihəmi götürüb layihənin icraçılarının kim olmasını və hansı miqdarda onların məvacib almasını və mənim adımın da məvacib alanların sırasında olub-olmamasını aydınlaşdıra bilərsiniz.
Hər hansı məvacib almıram. Yalnız məvacib hissəsinə ayrılan pullar təşkilatımızın ayrı-ayrı üzvlərinə şamil olunur. Onlar da 5 ay müddətində əziyyət çəkərək bu layihəni reallaşdıraraq əmək haqqı alırlar. Son olaraq tövsiyə edirəm ki, cəmiyyəti çaşdırmaq üçün cəmiyyətdə QHT-rə Dövlət Dəstəyi Şurasına, ayrı-ayrı millət vəkillərinə qarşı mənfi imic formalaşdırmağa yönələn bu cür fikirlərinizdən əl çəkərək həqiqəti danışasız. Bu cür qərəzli və böhtan dolu fikirlərlə heç nəyə nail olmaq mümkün deyil”.
Sabiq deputat, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də məsələyə münasibət bildirib: “Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından təsisçilərindən biri Milli Məclisi üzvü olan QHT-lərin qrant almasının maraqlar toqquşması olması barədə səslənən fikirlər ətrafında müzakirələr açılıb. “Maraqlar toqquşması” dedikdə – vəzifəli şəxsin özü və ya ailə üzvləri ilə bağlı olan və ya vəzifəli şəxsin şəxsi marağının olduğu və bu marağın onun xidməti vəzifələrinin obyektiv və qərəzsiz icrаsınа təsir göstərdiyi və ya təsir göstərə biləcəyi vəziyyət nəzərdə tutulur.
Qanunvericilik deputatların QHT-lərin təsisçisi olmasına qadağa qoymur. Belə olan halda, QHT-lərin təsisçilərindən birinin ( yaxud təsisçilərin) deputat olması onun Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqələrində iştirak etməsi üçün əngəl ola bilməz. QHT-lərə Dövlət Dəstəyi Şurası açıq elan verir və müsabiqə şərtlərinə uyğun gələn hər bir təşkilat bu müsabiqəyə layihə təklifi təqdim edə bilər.
Təsisçilərindən biri (yaxud təsisçiləri) deputat olan QHT-lərin təqdim etdiyi layihə təklifləri müsabiqədə iştirak edərək, texniki seleksiyadan və ekspert qiymətləndirməsindən keçirlər. Ekspertlər qiymətləndirən zaman yalnız layihə təklifini qiymətləndirirlər. Layihə təklifinin hansı təşkilata aid olması onlar üçün məlum olmur. Bununla bağlı müsabiqə qaydlarında sərt tələblər nəzərdə tutulub. Yəni konkret olaraq layihə təklifi qiymətləndirilir. Yəni hər hansı imtiyaz və güzəştdən söhbət getmir. Bu QHT-lərin təsisçiləri bu layihələrdə haqqı ödənilən vəzifə tutmurlar, həmçinin xidmət göstərmilər”.
Onun sözlərinə görə, nəzəri baxımdan deputatların səsverməsində iştirak etdiyi bütün məsələlərdə maraqlar toqquşması halı aşkarlamaq olar: “QHT-lərə Dövlət Dəstəyi Şurasına hər il dövlət büdcəsindən konkret məbləğdə maliyyə vəsaiti ayrılır və deputatlar büdcə zərfinə bütövlükdə səs verirlər. QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqələrində qalib olan və təsisçilərindən biri (yaxud təsisçiləri) deputat olan QHT-lərin layihələri ilə bağlı şəffaflıq təmin olunub. Onların təsisçiləri anonim deyil və bu məlumatlar ictimaiyyət üçün açıqdır. Bu layihələr əksər hallarda sosial xarakterlidir, yaxud milli-mədəni irsin təbliği ilə bağlı layihələrdir və heç bir halda deputatların vəzifələrinin obyektiv və qərəzsiz icrаsınа təsir göstərdiyi və ya təsir göstərə biləcəyi vəziyyət yarada bilməz. Şura Əsasnaməsinə uyğun olaraq Şura üzvlərinin təsisçi, yaxud rəhbər olduğu QHT-lərin layihə təklifləri qiymətləndirilən zaman onlar səsvermədə iştirak etmirlər. QHT Şurası milli donor olaraq qrant müsabiqələrinin təşkili və keçirilməsi üçün şəffaflığı, obyektivliyi, hesabatlılığı təmin etməkdən ötürü bütün prosedur qaydalara malikdir. Şəffaf, aydın, işlək Appelyasiya mexanizmi yaradılıb. “Qaynar xətt” yaradılıb. Qrant alan və almayan təşkilatların adları, aldığı ballar dərc olunur, saytlarda yerləşdirilir. Çox effektiv seleksiya və ekspert qiymətləndirilməsi sisteminə malikdir. Hər bir şəxs üçün bu məlumatlar əlçatandır.
O qeyd edib ki, bu cür iddialar və iftiralar sırf şəxsi qərəzdən qaynaqlanır və məsələlərin mahiyyəti hay-küy yaratmaq üçün təhrif edilir: “Çox zaman nümunə kimi qeyd edilən beynəlxalq donorlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün bir layihə belə dəstəkləməyiblər. Amma özlərini obyektivlik mücəssiməsi sayanlar heç bu barədə bir dəfə də olsun səslərini çıxarmayıblar. Bəziləri isə beynəlxalq donorların qrant vəsaitlərindən əmlak zənginliklərini artırmaq üçün yararlanıblar”.
Xatırladaq ki, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası elan etdiyi 2019-cu il 1-ci qrant müsabiqəsinin qalibləri arasında rəhbəri deputat Ziyad Səmədzadə olan Azərbaycan Respublikası İqtisadçılar İttifaqı İctimai Birliyi, rəhbəri deputat Çingiz Qənizadə olan Demokratiya və İnsan Hüquqları Komitəsi, rəhbəri deputat Elxan Süleymanov olan “Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” İctimai Birliyi, rəhbəri deputat Qənirə Paşayeva olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu da var. Həmin QHT-lərin hər birinə 7 min manat qrant verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...