Siyavuş Novruzovdan “Qarabağ mitinqi” keçirənlərə İTTİHAM

Siyavuş Novruzovdan “Qarabağ mitinqi” keçirənlərə

“Son dövrlərdə bir qrup insan “Qarabağ mitinqi” adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması, erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlığa xidmət edir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Dağlıq Qarabağla bağlı məsələnin hər zaman diqqətdə saxlanıldığını deyən deputat qeyd edib ki, Azərbaycan prezidenti bu istiqamətdə işlər görür.

“Bütün beynəlxalq təşkilatlarda nəinki işğal olunmuş ərazilər, eyni zamanda vaxtilə Azərbayana aid olan torpaqlarla bağlı həqiqətlər dünyaya çatdırılır. Azərbaycan prezidenti danışıqlarla bağlı mütəmadi olaraq vətəndaşlara hesabat verir. İstər forumlarda, istər də regionlara səfərləri zamanı hər zaman Dağlıq Qarabağ məsələsinə toxunur. Bu, ictimaiyyətə bəllidir. İctimaiyyət də bu il keçirilən prezident seçkilərində ölkə başçısına yekdilliklə səs verərək, bu hüququn yalnız prezidentə aid olduğunu təsdiqləmiş oldu”.

S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağla əlaqədar ən kəskin münasibət cənab prezident tərəfindən göstərilir:

“Azərbaycan xalqının verdiyi mandatla problemin həlli istiqamətində məsələlər davam edir. Qarabağ bütün azərbaycanlılarındır. Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir və ortaya qoyub. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu bildirib. Əks təqdirdə, hərbi yola əl atacağını hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər, torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə çağırış edərək, onları mənəvi terrorla üz-üzə qoyurlar”.

Deputat bildirib ki, birinci Qarabağ müharibəsində hər bir azərbaycanlı döyüşüb, mübarizə aparıbsa, bu, hər zaman belə də olacaq:

“Burada mənim, sənin məsələn ola bilməz. Bu məsələ kimlərəsə terror etməyə hüquq verməyib. 1 milyon qaçqını təhdid etməklə nəyə xidmət edirlər? Bu gün onlar üçün evlər, mənzillər tikilir. Təbii ki, onlar öz yurd-yuvalarına qayıdacaqlar. Lakin onları mənəvi terrora məruz qoymağa, onları aşağılamağa heç kimə hüquq verilməyib. Milli Məclis üzvləri və hər kəs bilir ki, Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil. Dağlıq Qarabağ məsələsi Ali baş Komandanın rəhbərliyi ilə beynəlxalq hüquq çərçivəsində, qanuni yolla azad olunacaq. Biz problemin sülh yolu ilə həllinə çalışırıq, olmayacağı təqdirdə hərbi yola əl atacağıq. Görəsən indi etiraz edənlər bu müharibədə iştirak edəcəklərmi? O mitinqi edənlərin övladları gəlib orada iştirak edəcəklərmi? Necə ki vaxtilə "bir maşın erməni başı gətirəcəyik" deyənlər, həmin mitinqdə ön sırada dayanmışdılar. Çünki, onlar bulanıq suda balıq tutmğa çalışırlar. Azərbaycanın ərazi bütövlüyü onlar üçün əsas şərt deyil, onlar üçün əsas şərt belə oyunlarda oyunbazlıq etməkdir. Azərbaycan xalqı da bunu görür və bunun nəticəsi olaraq da,həmin insanları baykot edir. Çünki, məhz həmin insaların ucbatından bu gün qaçqın və məcburi köçkünlər öz torpaqlarını itiriblər, evlərindən didərgin düşüblər. Bu şəxslər Dağlıq Qarabağ adı altında insanların hisləri ilə oynamsınlar!”.


Xatırladaq ki, ötən həftə Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Bakıda "Qarabağ mitinqi" keçirilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
652 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...