Artur Rasizadə Qarabağ problemindən danışdı

Artur Rasizadə Qarabağ problemindən danışdı

Azərbaycanın baş naziri Artur Rasi-zadə Bakıda səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Sven Mikser ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan-Estoniya əlaqələrini yüksək qiymətləndirən A.Rasi-zadə qeyd edib ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, Avropa ailəsinin üzvü kimi Estoniya ilə də qarşılıqlı faydalı əməkdaşlığa önəm verir. Onun sözlərinə görə, ölkələr arasında davam edən xoşməramlı dosluq münasibətlərinin daha da inkişaf etdirilməsi, iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi üçün siyasi iradə və zəruri hüquqi baza mövcuddur.

Vurğulanıb ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə, xüsusən qeyri-neft sektorunda, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları, ticarət, turizm, humanitar sferalarda dövlət və özəl sektor təmsilçilərinin müştərək layihələr üzərində işləməsi, həmçinin Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin mənafeyinə uyğundur. Qeyd olunub ki, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğu şəraitdə mövcud potensialdan daha səmərəli istifadə etmək vacibdir.

Görüşdə beynəlxalq və regional problemlər ətrafında müzakirə zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir Artur Rasi-zadə münaqişənin nizama salınması istiqamətində respublika rəhbərliyinin göstərdiyi səylərdən, lakin bəzi ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışıb və bir daha xatırladıb ki, məsələnin həlli yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkündür.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...