Gürcüstan rəhbərliyi Azərbaycan prezidentinə məktub göndərib
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, onun məktubunda deyilir:
“Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Məmnuniyyətlə qeyd etmək istərdim ki, müxtəlif çətinliklərə baxmayaraq, Azərbaycan xalqı uğurlu, müstəqil və inkişaf edən, beynəlxalq arenada layiqli yerini tutan dövlət yaratmağı bacarıb. Gürcüstan Azərbaycan Respublikası ilə dost əlaqələrinə böyük əhəmiyyət verir və inanıram ki, birgə səylərimiz nəticəsində strateji tərəfdaşlığımız və xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri gələcəkdə daha da dərinləşəcək. Gürcüstanın suverenliyini və müstəqilliyini dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı ifadə edirəm. Zati-aliləri, fürsətdən istifadə edərək bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm”.
Gürcüstan baş naziri Giorgi Kvirikaşvili də İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib: “İcazə verin, Sizi Gürcüstan hökuməti və xalqı adından salamlayım və Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim. Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, bu il Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyi tamam olacaq. Bu illər ərzində ölkələrimiz nəinki regional, bütövlükdə qlobal qarşılıqlı maraqlara əsaslanan mehriban qonşuluq münasibətləri və möhkəm dostluq əlaqələri qura bilib. Gələcəkdə tərəfdaşlığımızın daha da güclənməsini, müxtəlif sahələrdə əməkdaşlığımızın genişlənməsini arzu edirəm. Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edir, Sizə və qardaş Azərbaycan xalqına davamlı sülh, əmin-amanlıq, uğurlar və rifah diləyirəm”.
1078 dəfə oxundu