ABŞ-İran gərginliyi Azərbaycana təhlükə vəd edir

ABŞ-İran gərginliyi Azərbaycana təhlükə vəd edir


Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib.
Sammitdə ABŞ prezidenti Donald Tramp, ərəb və İslam ölkələri rəhbərləri iştirak edib.


“Tramp Suriya və İrana qarşı blok yaratmaq istəyir”

Politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında bildirib ki, Donald Trampın bu görüşünü müəyyən qədər uğurlu hesab etmək olar:

“Bu, Donald Trampın prezident kürsüsündə xaricə ilk səfəri idi. Əlbəttə, Amerika daxilində onun problemləri kifayət qədər çoxdur. Hətta ruslarla əlaqəsinə görə Donald Trampa impiçment tətbiq olunması ilə bağlı məsələ də qaldırılıb. Ona görə də Tramp xaricə səfər etməklə bir qədər fasilə qazanmış oldu. O cümlədən Səudiyyə Ərəbistandan sonra İsrailə, Fələstinə, Vatikana gedəcək və İtaliyada böyük elçilərin toplantısında iştirak edəcək. Yəni Trampın uzunmüddətli görüşləri var.

Səudiyyə Ərəbistanda baş tutan sammiti isə uğurlu adlandırmaq olar. Tramp bu ölkə ilə 110 milyard dollarlıq silah müqaviləsi imzaladı. Bu, Amerika büdcəsi üçün çox önəmli rəqəmlərdir. Digər tərəfdən Tramp Suriya və İrana qarşı İslam aləmində blok yaratmaq istəyir və görüş bunun üçün gözəl fürsət idi. Amma məsələ burasındadır ki, daxildə onu çox ciddi problemlər gözləyir. Səfərdən qayıtdıqdan sonra yəqin ki, ona qarşı formalaşan müxalifətlə üz-üzə qalacaq. Amerikada Trampa qarşı olanların siyahısına Demokratlar Partiyası, Respublikaçılar Partiyasının bir hissəsi, media, “Hollywood” ulduzlarını da daxil etmək olar. Ona görə də Donald Trampın vəziyyəti bir qədər çətindir. O çalışır ki, xarici siyasətdə uğurlar qazansın və bunu daxili siyasətdəki uğursuzluqları ilə kompensasiya edə bilsin”.


“Trampın xarici siyasət istiqaməti tam formalaşmayıb”

Politoloqun sözlərinə görə, Donald Trampın xarici siyasətində müəyyən qədər ziddiyyətlər var:

“Donald Trampın xarici siyasəti hələ tam formalaşmayıb. Suriyaya raket zərbəsi endirdi, ardı gəlmədi. Amerikanın Rakkanın azad edilməsində iştirak edəcəyi bildirildi. Amma necə olacaq, bilinmir. Rəcəp Tayyip Ərdoğanı Amerikaya dəvətindən sonra münasibətlər soyudu. Çünki Amerika kürdlərə silah verib və onlarla birgə Suriyanı ələ keçirmək istəyir.

Digər siyasəti Şimali Koreya ilə bağlıdır. Tramp Şimali Koreya diktatorunu cəzalandıracağını, hərbi gəmilər göndərəcəyini bildirmişdi. Amma hələ də Şimali Koreya siyasətinin necə formalaşacağı məlum deyil. Hazırda Trampın xarici siyasətində əsas istiqamətlər tam müəyyənləşməyib. Əvvəl Çinlə münasibətlərin gərginləşəcəyini, Rusiya ilə dostluq əlaqələrinin qurulacağını bildirmişdi. Ancaq indi tam tərsi baş verir. Bu cür ziddiyyətlər fonunda Trampın xarici siyasətinin formalaşması barədə danışmaq çətindir”.


“Amerika-İran münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına cavab vermir”

Donald Tramp bütün ölkələri İranı təcrid vəziyyətdə saxlamağa çağırıb. E.Şahinoğlunun fikrincə, Amerikanın İranla münasibətlərinin gərginləşməsi Azərbaycandan da yan keçməyəcək:

“Trampın İrana qarşı siyasəti birmənalıdır. Həsən Ruhaninin prezidentliyi dövründə Obama İranla ortaq dil tapmağa çalışdı və nüvə məsələsi həll edildi. İran nə vaxtsa nüvə çalışmalarını aktivləşdirsə, bu, Amerikanın bölgədəki müttəfiqlərinə təhlükə yarada bilər. Həmçinin, İranın bölgədəki terrorçu qruplara silahlı dəstək verməsi də Amerikanın narahatlığına səbəb olur. Baxmayaraq ki, indi nüvə anlaşması var və Qərbin İrana qarşı sanksiyaları bir qədər yumşalıb, Tramp yenə də İrana qarşı sərt siyasətini davam etdirəcəyini bildirir. Səudiyyə Ərəbistanına səfəri və orda İslam NATO-sunun formalaşması da bundan xəbər verir.

Amerika-İran münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki 7-8 il öncə gündəmin əsas mövzusu Suriya, Liviya və ya Əfqanıstan deyildi. Amerika və İsrailin İrana qarşı hava zərbələrindən söhbət gedirdi. O zaman İran prezidenti Mahmud Əhmədinejad nüvə çalışmaları aparırdı. Həmin vaxt bu məsələdə Azərbaycanın adı da tez-tez hallandırılırdı. İranın bizə qarşı siyasəti sərtləşmişdi, çünki güman edirdilər ki, Amerika bizim torpaqlardan İrana qarşı istifadə edəcək.

Amerika ilə İranın münasibətləri yenidən pisləşərsə, bu, Azərbaycanı yenə də çətin seçim qarşısında qoyacaq. Azərbaycanın dövlət başçısı İlham Əliyevin Səudiyyə Ərəbistanında səfərdə olması İranın müəyyən dairələrində qıcıq yaradıb. Çünki onlar elə güman edirlər ki, Azərbaycan antiİran blokuna qoşulacaq. Halbuki, bu, belə deyil.

Azərbaycan prezidenti dəvəti qəbul edərək Səudiyyə Ərəbistanına gedib. Keçirilən sammitdə Trampla ünsiyyət imkanı var idi. Digər tərəfdən, Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqi sayılır. Çünki Ermənistanla heç bir diplomatik münasibətləri yoxdur və torpaqlarımızın işğalı məsələsində bizi birmənalı dəstəkləyir. Bu mənada Azərbaycanın ərəb dünyası ilə münasibətləri inkişaf edir.
Bu inkişaf da bizim xeyrimizədir. Buna baxmayaraq, düşünürəm ki, İranın müəyyən mərkəzləri Azərbaycanın ərəb dünyası ilə əlaqəsi və dövlət başçısının Səudiyyə Ərəbistanına səfəri ilə bağlı qıcıqlanacaq. Amma biz müstəqil xarici siyasət yürüdürük. Təhlükəsizliyimizi artırmalı və inkişafımızı gücləndirməliyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...