Tərtərdə aqrar sahənin inkişafı diqqət mərkəzindədir - FOTOLAR
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Cari ilin məhsulu üçün 9871 hektarda dənli bitkilər, 1539 hektar sahədə şəkər çuğunduru, 267 hektarda günəbaxan, 459 hektarda kartof, 413 hektarda tərəvəz, 27 hektarda qarğıdalı əkilib. Bu il 3068 hektar sahədə pambıq becərməyi qarşıya məqsəd qoyan tərtərli fermerlər hazırda çiyid səpinini davam etdirirlər.
Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində və aprelin 17-də Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlar və “Made in Azerbaijan” brendinin dünyada tanıtdırmaq üçün praktiki addımlar atılması ilə bağlı fikirləri tərtərli sahibkarlarda böyük ruh yüksəkliyi yaratmış, onlar məhsullarını bu birendin tələblərinə uyğun istehsal etməyi qarşılarına məqsəd qoymuşlar.
Rayon rəhbəri qeyd edib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Bu dövrdə rayonda ümumi məhsul buraxılışının həcmi 26,6 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çoxdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulları istehsalı 7,9 faiz, sənaye məhsulları istehsalı 22,4 faiz artıb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 milyon 298,1 min manat investisiya yönəldilib, 3 milyon 698,4 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Tərtər şəhərinin prospekt və küçələrinə 5,9 kilometr asfalt-beton, Kovdadıq-Rəcəbbəyli avtomobil yoluna 7,6 min kvadratmetr çınqıl örtük salınıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalaranın təmirinə başlanılıb.
Hazırda Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır, 1176 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsi, Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evləri inşa edilir. Goranboy-Tərtər avtomobil yolunun 18-36 kilometri əsaslı təmir olunur, İncə çayı üzərində qəzalı vəziyyətdə olan körpü yenidən tikilir. Seydimli kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatmaq üzrədir.
Yığıncaqda çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar.
748 dəfə oxundu