Hökməli sakinlərinin evləri başına uçur: kimdir günahkar? (AÇIQLAMA)
"Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib. Bəzi çatların eni 50 sm-ə qədər çatıb".
Bunu dünən Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O, bildirib ki, Bozdağ Hökməli vulkanının ətrafının yaşayış üçün çox təhlükəli olması və yaşayış salınacağı təqdirdə burada təhlükələrin ola biləcəyi hələ 10 il əvvəl açıqlanmışdı.
Ekspedisiya rəisinin sözlərinə görə, acınacaqlı vəziyyət yarandıqdan sonra sakinlər dövlətdən yardım istəyirlər. Amma əlaqədar qurumlar bu evlərin tikintisinə icazə verməmişdən əvvəl bunu fikirləşməli idilər.
Bəs belə təhlükəli ərazilərdə evlərin tikilməsinə görə məsuliyyəti kim daşıyır və ya həmin evlərə dəymiş zərəri kim qarşılamalıdır? Ümumiyyətlə bu tikililər gələcəkdə sökülərsə, ev sahiblərinə kompensasiya ödəniləcəkmi?
“Bildiyim qədərilə həmin torpaqlar zəbt olunmuş ərazilərdir. Vətəndaş sonradan müvafiq icra hakimiyyəti orqanlarının razılığını alaraq, orada tikinti aparıb. Qanunvericiliyə görə, hər hansısa bir fövqəladə hadisə səbəbindən vətəndaşın mülkiyyətinə dəymiş zərərin dövlət tərəfindən qarşılanması anlayışı yoxdur. Bu yalnız həmin yaşayış yeri sığortalandığı halda sığorta şirkəti tərəfindən qarşılana bilər”.
Bunu isə "Qaynarinfo"ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Lakin o, sözügedən evlərin söküləcəyi təqdirdə sahiblərinə mütləq şəkildə kompensasiya verilməli olduğunu bildirib:
"Əgər ev varsa, sözsüz ki, vətəndaşa kompensasiya ödənilməlidir. Çünki istər Bakı şəhərində, istərsə də digər ərazilərdə hər hansısa fərdi yaşayış evinin tikintisi qeyri-qanuni şəkildə, sənədi olmadan həyata keçirilirsə belə bu, müvafiq yerli icra hakimiyyətinin razılığı əsasında baş verir. Təbii ki, həmin razılıqların alınması da mövcud reallıqda elə-belə deyil. Yəni bunun hər birinin müəyyən bir çərçivəsi, müəyyən reqlamenti, hətta deyərdim ki, xərci var. Hesab edirəm ki, həmin yaşayış yerləri söküləcəksə, onların sökülməsinə görə mütləq şəkildə ev sahiblərinə kompensasiya ödənilməlidir. Təbii ki, kompensasiya ödənilərkən aparılan qiymətləndirmə zamanı sənədi olan evlərlə müqayisədə həmin fərdi yaşayış evlərinin qiyməti real bazar dəyərindən nisbətən az müəyyən ediləcək və edilməlidir də".
Ekspert bildirib ki, təhlükəli ərazilərdə aparılan tikintilərə görə məsuliyyəti təkcə yerli icra hakimiyyəti orqanlarının üzərinə yıxmaq düzgün olmaz:
"Əgər o tikilinin sənədləri qaydasında deyilsə, prosedur qanuna müvafiq şəkildə aparılmırsa, tikintinin aparılması və ya ekoloji durumla bağlı yoxlamalar əvvəlcədən həyata keçirilmir. Ola bilsin ki, müvafiq icra hakimiyyəti orqanı da əvvəlki vaxtlarda oranın belə bir vəziyyətdə olmasını və ya ekoloji durumunun pis olduğunu bilməyib. Buna görə hesab edirəm ki, məsuliyyətin hamısını yerli icra hakimiyyətinin üzərinə yıxmaq düzgün olmaz".
Məsələ ilə bağlı "Qaynarinfo"ya danışan FHN-in mətbuat xidmətinin rəhbəri Oktay Bayramov sözügedən ərazidəki evlərin qanunsuz tikildiyini bildirib:
"Fövqəladə Hallar Nazirliyinin tərkibində Tikintiyə Nəzarət Dövlət Agentliyinin ekspertləri həmin əraziyə baxıblar. Hamısı sənədsiz evlərdir. Təəssüf ki, bəzi bələdiyyələr belə torpaq sahələri ayırırlar və əfsus ki, vulkan çöküntüləri üzərində də, neft sahələrində tikilən evlər var".
Hökməlidəki vulkan çöküntüləri üzərində hansı əsaslarla evlərin tikintisinə icazə verilməsi ilə bağlı Abşeron İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da, qurumun rəsmi saytında göstərilən əlaqə nömrələrindən heç birinə cavab verən olmadı. Görünür İcra Hakimiyyətində çalışanların bu şəkildə məsuliyyətsizliyi səbəbindən, bənzər problemlər məhz elə Abşeron ərazisindətez-tez ortaya çıxır. Saytın Hökməli bələdiyyəsi ilə bağlı qeyd etdiyi əlaqə nömrələri isə qəsəbə sakinlərindən birinin ev telefonudur.
Qeyd edək ki, prezident İlham Əliyev hələ 2015-ci ilin yanvar ayında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini ilə bağlı fərman imzalayıb və qanunsuz tikililərin sənədləşdirilməsi üçün müvafiq tapşırıqlar verib.
1051 dəfə oxundu