Deputat: "Sorosla erməniləri terrorizm xisləti birləşdirir" - MÖVQE
"Azərbaycan iqtidarının müstəqil daxili və xarici siyasətini bəzi xarici dairələrin gözü götürmür".
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov "The Guardian" və "The Washington Post" qəzetində Azərbaycan əleyhinə dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.
S. Novruzovun fikrincə, əvvəllər də Azərbaycana qarşı ara-sıra edilən qarayaxma kampaniyasının əsasında Azərbaycan dövlətinin heç bir xarici gücə boyun əyməməsi durur: "Bu informasiya dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl maraqları olan və məqsədlərinə çata bilməyən Corc Soros, erməni fondları və s. bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatının adından verilib, dərhal bəlli xarici KİV şəbəkəsi tərəfindən ictimailəşdirilib. Araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər. Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Əgər OSSRP həqiqətən də korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, nəyə görə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır? Hansı səbəbdən erməni lobbisinin Dağlıq Qarabağın işğalını qanuniləşdirmək üçün ABŞ, Fransa, Rusiyada siyasətçiləri necə ələ alması, onlara hansı məbləğlərdə pullar ötürməsi haqqında heç nə verilmir? Bütün bunlar onu göstərir ki, OSSRP feyk qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir.
Məşhur milyarder və siyasi hoqqabaz C.Sorosun bu işdə dəsti xəttinin olması onun postsovet məkanında "yarımçıq qalmış çevriliş planları"nın davamına cəhd kimi qiymətləndirilməlidir
Ancaq onun arxasında duran dairələr də yaxşı anlayırlar ki, bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil”.
Deputat Hikmət Babaoğlu da APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti, yüksək beynəlxalq imici, dünyada baş verən hadisələr və gedən proseslərə öz münasibəti, müxtəlif qüvvələrin təsir imkanlarına qarşı güclü immuniteti, milli və dövlətçilik maraqların hər şeydən üstün tutması bəzi xarici dairələri, ermənipərəst qüvvələri ciddi narahat edir: “Zaman-zaman Azərbaycana qarşı güclənən və səngiyən çirkin qarayaxma kampaniyasının əsasında onun heç bir qüvvənin qarşısında əyilməməsi, öz mövqeyini qətiyyətlə müdafiə etməsi, ardıcıl və prinsipial siyasəti durur. Bu gün həyata keçirilən qarayaxma kampaniyası xarici anti-Azərbaycan və ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir. Bu məqsədlə guya Azərbaycanın böyük pullar hesabına xarici siyasətçiləri, ekspertləri, rəsmi şəxsləri satın aldığı, onları gizli fondlardan maliyyələşdirdiyi barədə növbəti dezinformasiya dövriyyəyə buraxılıb və beynəlxalq media tərəfindən süni şəkildə tirajlanır.
Bu informasiya dünya səviyyəli fırıldaqçı, Azərbaycanla bağlı özəl maraqlarını həyata keçirə bilməyən Corc Soros, erməni fondları və s. bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatının adından verilib, həmən də bəlli xarici media qurumları tərəfindən yayılıb.
Azərbaycan əleyhinə bu cür əsassız iddiaların ortaya atılmasında erməni lobbisi və onun təsiri altında olan jurnalistlərin xüsusi fəallıq göstərməsi diqqətdən yayına bilməz. Məsələn, “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu dairələr təkcə Azərbaycanı deyil, həm də ölkəmizə xoş münasibət bəsləyən, onun inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülüblər”.
Deputat bildirib ki, məşhur milyarder və siyasi hoqqabaz C.Sorosun da bu işdə dəsti xəttinin olması onun postsovet məkanında "yarımçıq qalmış çevriliş planları"nın davamına cəhd kimi qiymətləndirilməlidir: “Bəlli olduğu kimi, hazırda Sorosun terrorist elan edilməsi üçün ABŞ- da petisiya elan olunub və məsələnin müvafiq qurumlarda müzakirə olunmasına hüquqi əsas yaradacaq qədər imza artıq toplanıb. Bu şəxs ABŞ ərazisində iqtisadi və maliyyə terroru törətməkdə və haqsız rəqabət mühiti yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Belə adamın ermənilərlə işbirliyi içərisində olması olduqca təbiidir. Çünki onları terrorizm xisləti birləşdirir”.
818 dəfə oxundu