Nazirlik Ququşun narazılığına münasibət bildirib
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi barədə müğənni Ququşun (Faiqə Atəşin) adından yayılan açıqlamaya münasibət bildirib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı Nazirliyə müraciət daxil olmayıb:
”İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir. Bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları ölkəmizin müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər. Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin də konsertinin təşkil olunmasına Nazirlik olaraq hörmətlə yanaşırıq. Eyni zamanda diqqətə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və daxil olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilatı xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur”.
Şöbədən əlavə ediblər ki, nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin, milli irsinin ölkə daxilində, eləcə də xaricdə tanıdılması və təbliğ edilməsi məqsədilə dövlət əhəmiyyətli tədbirlər, konsertlər təşkil olunur: “Bəzi kütləvi informasiya vasitələrinə sensasiya xətrinə dövlətlərarası münasibətlərə xələl gətirəcək addımlardan çəkinməyi, peşəkar jurnalistika prinsiplərindən uzaqlaşmamağı tövsiyə edirik”.
836 dəfə oxundu