Psixoloq: “Nənə olunası yaşda ana olmaq doğru deyil”

Psixoloq: “Nənə olunası yaşda ana olmaq doğru deyil”
Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadının uşaq dünyaya gətirməsi ciddi müzakirə yaradıb. Bəziləri bu addımın düzgün olmadığını bildirib.



Tanınmış psixoloq Gülnar Orcuova da müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşüb.



Psixoloq deyib ki, ana olmaq çox gözəl hissdir: “Hər qadının birinci missiyası, eyni zamanda istəyi ana olmaqdır, amma nənə olunası yaşda ana olmaq doğru deyil. Ana olmaq üçün qadının müəyyən yaş həddi var. Qadın bəlli yaşı keçdikdən sonra doğulan uşağın gələcəyi sual altındadır. Həmin uşaqlar bəzən dövlətin, qohumların himayəsində olurlar, bəzən də xoşagəlməz hallar yaşanır. Gec yaşda uşaq dünyaya gətirmək bir sıra xəstəliklərə, sindromlara səbəb olur. Düzdür, əvvəllər ana bətnindəki uşağın daun sindromlu olub-olmadığını müəyyən edə bilmirdilər, amma indi bilirlər. Uşaqlarda daun sindromu qadın gec yaşda, yaxud həddindən erkən yaşda hamilə qalanda yaranır. Lakin bəzi problemlər var ki, məsələn, zəka, əqli geriliklərlə bağlı problemlər, ana bətnində bəlli olmaya bilir, sonradan formalaşır. Üzülürük ki, uşağımız niyə ömrümüzün ahıl vaxtında belə oldu?”



G.Orucova xanımlara 50 yaşdan sonra ana olmağı məsləhət görmür: “50 yaşınıza qədər artıq uşağınız varsa, başqa uşaq istəməməyiniz məsləhətdir. 60 yaşında qadını, təbii ki, süni mayalanma ilə ana ediblər. Uşağın bu yaşda normal yolla olması imkansız və çətin məsələdir. 60 yaşında qadını süni mayalanma edən həkim də öz üzərinə məsuliyyət götürmüş olur. Bu, hazırda həmin həkim üçün uğur sayıla bilər, amma sabah o həkim qarğış sahibi olur. Azərbaycanda orta insan ömrü heç 70 yaşa qədər deyil, 60-70 arasında dəyişir. Beş ildən sonra o uşağın halı necə olacaq? Bunun məsuliyyətini kim daşıyacaq? Uşaq harada olacaq? Niyə o uşaq kiminsə boynunda böyüməli, travma almalıdır, başqaları ona əziyyət etməlidir? Sonunun nə olacağını bilmirik. Xarici ölkələrdə müəyyən yaşdan sonra həkim nəzarəti altında ana olurlar, amma daha 60 yaşında yox. Bu yaş çox gecdir. Bəzən həkimlər 36 yaşdan sonra ana olmağı məsləhət görmürlər, amma indi gec ailə quran xanımları nəzərə alsaq, deyə bilərik ki, 45 yaşa qədər ana olun. Həkimlər daha dəqiq yaş deyə bilərlər. İnanın ki, 50 yaşdan sonra ana olmaq riskdir, məsuliyyətdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...