“Ziya Məmmədovun müşaviri Çingiz ərimə dedi ki, bu 10 kilo qızılı evində saxla...” - VİDEO

“Ziya Məmmədovun müşaviri Çingiz ərimə dedi ki, bu 10 kilo qızılı evində saxla...” -

"Həyat yoldaşım Əhmədov Rövşən Şirəli oğlunun həyatı təhlükə qarşısındadır. O, hazırda məhkumdur, 9 saylı Cəzaçəkmə Müəssisəsindədir. Ali Məhkəməyə şikayət vermişik, prosess dekabr ayının 3-nə təyin olunub. Lakin qorxuram ki, o, prosessə qədər sağ çıxmaya. Çünki bu günlərdə öyrənmişəm ki, onun xeyrinə ifadə yazmış şahid Məmmədov Alı müəmmalı şəkildə ölüb. Digər şahid isə özü və ailəsinin həyatından qorxaraq Türkiyəyə qaçıb. Mən elə bilirdim, belə şeylər İtalyan mafiyası barədə kinolarda olur, amma bu bizdə də reallıq imiş!"

Bu sözlər Əhmədova Xanımqız Fərəc qızının Qaynarinfo-ya göndərdiyi I Vitse-prezident Mehriban Əliyevaya müraciətində yer alıb.

Xanımqız Əhmədovanın məsələ ilə bağlı Azərbaycanın Birinci xanımı, I vitse-prezident Mehriban Əliyevaya yazdığı şikayət ərizəsini olduğu kimi təqdim edirik:

"Öz həyatım olsaydı, qorxmazdım, çünki ölkəmizdə asayiş var, polis var, amma həyat yoldaşım həbsxanadadır, orada isə hər cür insan var.

Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Sizə müraciət etməyə məcburam! Çünki dəhşətli cinayətin, haqsızlığın qarşısını yalnız siz ala bilərsiniz.

Bütün bu hadisələrin başlanması Sizin etimadınızı doğrultmadığı üçün vəzifədən kənarlaşdırdığınız keçmiş nazir Ziya Məmmədovun müşaviri Baxşıyev Çingizlə bağlıdır. O, hələ də Nəqliyyat Nazirliyindən qazandığı on milyonlar hesabına istədiyini edir. 2016-cı ilin aprelində yoldaşımı qanunsuz, sübutsuz, sırf Çingiz Baxışevin sifarişilə həbs etdilər. İşin mahiyyəti çox bəsit, amma dəhşətlidir.

Çingiz yoldaşımdan xahiş etdi ki, içində qızıl olan skoçlanmış 10 kiloluq 3 torbanı evində saxlasın. Yoldaşım da evdə saxladı. 2016-cı ilin fevralın əvvəli Çingizdən torbasını geri almasını xahiş etdi, çünki qızımızın toyu idi deyə evə qonaqlar gələcəkdi. Çingizin qızı və kürəkəni torbanı bağlı vəziyyətdə təhvil aldı. Amma 2 aydan sonra Çingiz zəng etdi ki, gəl bura, qablar boşdur. Yəni qızı və kürəkəni 10 kilo ilə 300 qramın fərqini bilməyib?! Söz də tapa bilmirəm. Şüursuz idi? Bu boyda allahsızlıq olar?! Və dərhal yoldaşımı həbs etdilər.

Amma ailəmiz dövlətimizə inamını itirmədi, gözlədik. İstintaq, məhkəmə 1 il çəkdi. Yekunda Bakı Ağır Cinayətlər Məhkəməsi bəraət hökmü çıxardı. Ancaq haqsızlıq bitmədi. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramov prosessi 11 ay uzatdı ki, yalançı şahid tapsınlar. Yoldaşımı, bəraət almış adamı Çingiz Baxşıyevin sifarişilə müalicə aldığı psixiatrik xəstəxanada həbs etdirdi, ona 8-ci bölmədə təzyiqlər olundu. Bütün bu vaxt Çingiz üzümüzə gülərək deyirdi ki, bütün bunları o etdirir.

Çingiz məhkəməni ələ salırdı. On kilolarla qızılın hardandı deyə soruşanda, Qırğızıstandan gətirdiyini deyirdi. Necə ola bilər ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş qızılı Qırğızıstandan gətirəsən?! Hakim heç 10 kilo qızılın gömrük deklarasiyasıyla da maraqlanmadı. Amma kürəkənimin xalasının Rusiyadan gətirdiyi 50 000 dollar pul üçün gömrük, sərhəd hər yerə sorğu göndərdi.

Əmir Bayramov birtərəfli işlədi, allahsızlıq etdi. O, hətta Sizi də, cənab Prezidenti də saymadı. Vəkilimiz sizin 2014-ci il Sərəncamınıza əsaslanıb xahiş etdi ki, prosess videoyazı ilə keçirilsin. Amma Əmir Bayramov üçün heç Prezident də yoxdur!

Şahid olan kəs sonralar peşmançılıq keçirdiyi üçün bizə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə yazdı və yalan ifadəsini təzyiq altında, Çingiz Baxşıyevin yaxın qohumu Fuadın təkidilə verdiyini bildirdi. Və həmin şəxs bu yaxınlarda müəmmalı şəkildə öldü, bəlkə də öldürüldü. Əmir Bayramovun sifarişilə təşkil olunan bu şahid məhkəmədə dedi ki, mən Fizuli qaçqınıyam, Sumqayıtda şofer işləyirəm. Rövşən müəllim məndən xahiş etdi ki, 30-40 dənə qızıl onluğum var, kömək elə satım. Kim başqasından oğurladığı qızılı onun qohumunun yaxınından xahiş edər ki, kömək elə satım... Bişmiş toyuq da buna gülər. Amma hakim Əmir Bayramov gülmədi, çünki özü sifariş etmişdi... Çünki Ağır Cinayətlərin ədalətli hökmünü ləğv etmək üçün ona heç olmasa bir şahid lazım idi.

Yoldaşım son sözündə dedi ki "kim ki, məni haqsız yerə məhkum edir, Allah balasına cəza versin!” Özünü haqlı sayan hakim deyərdi, etsin, amma hakim Əmir Bayramovun rəngi dəyişdi və ”balanın adını çəkmə, tutaq ki, kimsə günah işlədib, balasının nə günahı var?" - dedi. Bu, elə etiraf idi...

Cənab Prezident! Mehriban xanım! Ümidim sizədir. Mən haqq-ədaləti Avropa məhkəmlərində axtarmaq istəmirəm. İnanıram ki, siz yoldaşımı öldürmələrinə, haqsız yerə həbsxanada çürütməklərinə imkan verməzsiniz. Siz rüşvətxorluq, korrupsiya ilə mübarizəyə başlamısınız, məhkəmlər barədə gözəl sərəncam vermisiniz. Ancaq bu işdən dəhşətli korrupsiya qoxusu gəlir.

Xahiş edirəm məni qəbul edin. Xahiş edirəm bu işi nəzarətə götürün!

Sizi Prezident seçilərkən and içdiyiniz bu müqqədəs Qurana, Konstitusiyamıza and verirəm, haqsızlığın davam etməsinə imkan verməyin".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...