Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik

Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? -

Bakı Nəqliyyat Agentliyi yarandığı gündən paytaxtın ictimai nəqliyyatında irəliyə doğru xeyli dəyişikliklər müşahidə edilməkdədir. Bakı sakinlərinin rahatlığına xidmət edən bu addımlar hər kəs tərəfindən müsbət qiymətləndirilir.

Məsələnin narahatedici tərəfi odur ki, Agentlik paytaxtın ictimai nəqliyyatındakı problemləri nə qədər həll etməyə çalışsa da, qoçulardan miras qalmış bəzi sürücülər görülən işlərə kölgə salmaqda davam edirlər. Heç kəsə sir deyil ki, bir sıra hallarda ictimai nəqliyyatda çalışan sürücülər sürücülük hüququ olmadan bu sistemdə çalışırlar. Yəqin sərnişin nəqliyyatından istifadə edənlərin çoxu sürücülərin yanlarındakı köməkçilərini də görməmiş deyillər. Bəzən sürücülər yorulanda sükanı heç bir təcrübəsi olmayan köməkçilərinə həvalə edir. Elə sürücülərin özlərinin sürücülük kateqoriyaları onlara sərnişin nəqliyyatını idarə etməyə imkan verməsə də, şirkətlər tərəfindən işə götürülürlər. Bu cür sürücülər “n” qədərdir.

Digər tərəfdən, ictimai nəqliyyatda çalışan sürücülərə daşıyıcılar tərəfindən günlük plan qoyulur.

Sürücülər o planı doldurmaq üçün sürətlə, yol qaydalarına əməl etmədən, insan əvəzinə kartof daşıyırmış kimi işləyirlər ki, plandan əlavə onlara qalan pul çox olsun. Çünki planı verdikdən sonra yerdə qalan pul sürücülərə çatır. Nəticədə sürücülər sürət həddini aşır, dayanacağa digər avtobuslardan tez çatmaq üçün təhlükəli manevrlər edir, hətta qırmızı işıqda yolu keçirlər.

Bütün bunlar isə Agentliyin həyata keçirdiyi müsbətlərin fonunda qabarmağa başlayır. Elə ötən gün paytaxt sakinlərindən birinə analoji halı 81 saylı marşurut xətti üzrə hərəkət edən 99 JZ 291 nömrəli avtobus yaşadıb.

Metronun “Neftçilər” stansiyasının yaxınlığında hərəkətdə olan 81 nömrəli avtobusun sürücüsü qanun pozuntusuna yol verərək, digər nəqliyyat vasitəsinə yoluna çıxıb. Qayda pozması azmış kimi, digər nəqliyyat vasitəsində olan sürücünü təhqir də edib.

Qəribəsi odur ki, bu cür hərəkətə etiraz edən şəxs avtobus sürücüsü tərəfindən Hikmət adlı şəxslə hədələnib. “Çağırın Hikməti, qoy məsələsini həll etsin”,- deyərək qoçuluq etməkdən çəkinməyib.

Bu, 81 saylı avtobus sürücülərinin vətəndaşlara yaşatdığı ilk və son neqativ hal deyil. Bu marşurut üzrə hərəkət edən avtobuslardan şikayət gəlir. Hər gün metrostansiyaların çıxışlarında dayanacaq ola-ola sərnişinləri “qaçdı-tutdu” oynamağa vadar edənlər, “sonuncu dayanacağa daha tez çatım” iddiaları ilə edilən yersiz manevrlər insanların əsəb sistemini yerindən oynadır. Etiraz edənlər isə “Hikmət” adlı şəxslə hədələnir.

Əcəba bu, Hikmət deyilən şəxsdə nə “hikmət” var ki, sərnişinləri onunla qorxudurlar?!

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a məsələnin araşdırılacağını və sürücü barədə lazımi ölçü götürülməsi üçün daşıyıcı şirkətlə danışıqlar aparılacağını bildrib.

Mövzunu davam etdirəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...