Məhkəmə Leyla və Arif Yunusun gətirilməsi ilə bağlı DİN-ə müraciət edib
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunusun verdiyi apellyasiya şikayəti üzrə məhkəmə davam edib.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərin məhkəməyə məcburi gətirilməsindən ötrü daxili işlər orqanlarına müraciət olunub. "Polisdən məhkəməyə bu məsələ ilə əlaqədar heç bir cavab gəlməyib".
Leyla və Arif Yunusla bağlı polisdən cavab almaq məqsədilə məhkəmə iyulun 12-nə qədər təxirə salınıb.
Xatırladaq ki, bu il mayın 12-də Leyla və Arif Yunusla bağlı məhkəmə tərəfindən məcburi gətirilmə çıxarılıb.
Qeyd edək ki, Leyla və Arif Yunuslar 2014-cü ilin iyununda həbs olunublar. 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Həmin ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib, Yunuslar şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemləri olan Yunusların müalicə məqsədi ilə xaricə getməsinə icazə verilib. Sonradan Ali Məhkəmə apellyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
836 dəfə oxundu