Məhkəmə Maşallah Əhmədovun satdığı daşlara baxış keçirdi
Bu gün Bakı Apelyasiya Məhkəməsi dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun İrandan gətirərək Bakıda satdığı daşlara və digər tikinti materiallarına baxış keçirib. Trend-in məlumatına görə, məhkəmə heyəti zərərçəkmiş tərəf və təqsirləndirilən şəxsin nümayəndəsinin iştirakı ilə paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "Sahil MTK" şirkətində olub və M.Əhmədovun gətirdiyi daşlar və digər tikinti materiallarına baxış keçirib. Təqsirləndirilən şəxs M.Əhmədov da prosesdə iştirak edib.
Hazırda heyət adıçəkilən ərazidə daşların alış və satış qiymətlərini müəyyənləşdirir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
904 dəfə oxundu