Ər arvadını tutdurdu - 890 min manat ziyan
Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Janna Bağırova və Vasif İsrafilov vəsatətlə çıxış ediblər.
Onların hər ikisi müdafiə etdikləri şəxs barəsində verilmiş ittihamda kobud qanun pozuntuları olduğunu, cinayət işinin baxılmasına xitam verilməsi və yenidən iş aparan orqana geri qaytarılması istəyiblər.
Janna Bağırova vəsatətində bildirib ki, nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasına aldığı əmlak onun mülkiyyətidir:
"Bağışlamış və ya vərəsəlik qaydasında keçmiş əmlak birgə mülkiyyət hesab edilə bilməz. Çünki qeyd edilən əmlak əri tərəfindən Təyminə Abdullayevaya bağışlanıb. Bununla bağlı Dövlət Reyestr Xidmətinə sorğu versəniz görərsiniz. Yəni, bu baxımdan həmin əmlak birgə mülkiyyət hesab edilə bilməz”.
Təyminə Abdullayevanın digər vəkili Vasif İsrafilov da çıxışı zamanı müdafiə etdiyi şəxsə qarşı verilən ittihamların əsassız olduğunu deyib: “Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, hazırki cinayət işi sifariş əsasında başlanıb, Təyminə Abdullayevin həyat yoldaşı Barat Abdullayev tərəfindən birgə nikah dövründə əldə olunmuş, dəyəri milyonlarla ölçülən əmlakların bölünməsinin qarşısının alınmasına yönəlib.
Cinayət işi açıldıqdan sonra Təyminə Abdullayevaya dəfələrlə əmlaklardan imtina edilməsi üçün Barat Abdullayev tərəfindən müraciət olunub, əks təqdirdə onun cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib. Buna misal olaraq bildirirəm ki, ittiham aktına əsasən Təyminə Abdullayeva guya Barat Abdullayevə 890000 manat ziyan vurub.
Əslində hazırda cinayət işi üzrə maddi zərər yoxdur, eyni zamanda əgər evin dəyəri 890000 manatdırsa, ziyan 445000 manat olmalı idi. Eyni zamanda mübahisəli mənzilin alqı-satqı müqaviləsi Səbail rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilib, mənzilə Barat Abdullayev ilə Təyminə Abdullayevanın bərabər paylı mülkiyyət hüququ tanınıb"
Zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov da məhkəmədə vəsatət verərək Təyminə Abdullayeva barəsində olan heç yerə getməmək bağlı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.
Məhkəmə nə təqsirləndirilən şəxsin, nə də zərərçəkmişin nümayəndəsinin vəsatətlərini təmin etməyib.
Məhkəmə baxışı iclası mayın 10-a təyin edilib.
Qeyd edək ki, Təyminə Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. O, həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında həbs edilib. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə şəxsiyyət vəsiqəsini saxtalaşdırıb.
Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərər, ona 890 min manat məbləğində ziyan vurub.
Təqsirləndirilən şəxs isə bildirib ki, Əhmədli metrosunun yaxınlığında yerləşən “Vesta” Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı Təyminə Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. Səkinə İsmayılovanın təklifi əsasında Təyminə Abdullayeva evini girov qoyaraq “Faktor Lizing” MMC-dən kredit götürüb, həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınması və pulu yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib, digər sənədləri imzalamaqdan imtina edib.
MMC bir neçə ay sonra Təyminə Abdullayevaya pul ödəmədən evi Səkinə İsmayılovaya satıb.
957 dəfə oxundu