Rusiya vətəndaşları qadını öldürərək meyiti Qız qalasının yaxınlığına atıblar
Daxili İşlər Nazirliyi Bakının mərkəzində törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 30-da Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Yelena Sandradinovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitri Razumnıy tutulublar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
***
Bakıda qətl törədilib. Səbail rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Neftçilər prospekti, 93 ünvanında, Qız Qalasının yaxınlığında üzərində xəsarətlər olan qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə onun qətlə yetirildiyi müəyyənləşib.
Məlum olub ki, qətlə yetirilən qadın Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yelena Viktorovna Sandradinovadır. Qətlin iştirakçısı olmaqda şübhəli bilinən 2 kişi və 1 qadın tutulub. Onlar Zenyukov Samir Nərimanoviç, Razumnıy Dmitri Aleksandroviç və Alla adlı qadındır.
İlkin məlumata görə, onlar evdə kef məclisi qurublar, sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində qadın öldürülüb və meyiti Qız Qalasının yaxınlığına atılıb.
Araşdırmalar davam edir.
966 dəfə oxundu