Sosial şəbəkələrdə iş adamlarını şantaj edərək pul alan şəxs tutulub
Sosial şəbəkələrdə qeydiyyatdan keçməklə müxtəlif iş adamlarını barələrində guya rüsvayedici məlumatlar yayacaqları, sahib olduqları şirkətləri ictimaiyyət arasında nüfuzdan salacaqları adı altında hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
850 dəfə oxundu