Binəqədidə yanan bina: təqsirləndirilənlər özlərini günahkar bilmir...

Binəqədidə yanan bina:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə təqsirləndirilən Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva müdafiə etdiyi şəxsin səhhətində ciddi problem yarandığını, onun tibb müəssiəsinə yerləşdiriləməsini xahiş edib.

Təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova isə məhkəmə prosesinin kameralar vasitəsi ilə lentə alınması ilə bağlı vəsatət qaldırıb. Vəkil Nüşabə Ağayevanın vəsatəti təmin edilib və Qəzənfər Novruzovun yenidən tibbi müayinədən keçirilməsi və zərurət varsa, tibb müəssisəsinə köçürülməsi qərara alınıb. Digər vəkillərin vəsatətləri baxılmamış saxlanılıb.
Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Məhkəmə prosesi iyulun 12-də davam edəcək. Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi işləmiş rayon İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...