Əhəd Abıyevdən narazı sakinlər danışır - VİDEO

Əhəd Abıyevdən narazı sakinlər danışır -
Bir qrup Daşkəsən sakini onlara məxsus örüş sahələrinin zorla əllərindən alındığını iddia edir. Yeniavaz.com xəbər verir ki, “Azad söz”ün sosial şəbəkə hesablarında sözügedən sakinlərin videomüraciəti yayılıb.

Rayonun Xoşbulaq kəndinin sakinləri Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə torpaqlarının, örüş sahələrinin əllərindən alındığını, həmçinin otlaq sahəsindəki gölün özəlləşdirilərək onların istifadəsinə qadağa qoyulduğunu iddia edirlər.

Daşkəsənlilər bildirirlər ki, buna etiraz edən zaman isə polis tərəfindən təhdidlərə, zorakılığa və işgəncələrə məruz qalıblar.

“Kəndətrafı yerlərin hamısını Əhəd Abıyev satıbdır. Hərəyə bir sərəncam verib, hərəyə bir sənəd verib. Camaat qalıb qarşı-qarşıya, millət bir-birinə girib. Belə şeymi olar? Əkin əkirsən, cərimə yazırlar, heyvanı çıxarırsan otalaq sahəsinə tutub aparılar, döyə-döyə soxurlar içəriyə cərimə yazırlar. Qalmışıq çıxılmaz bir vəziyyətdə. Bu barədə neçə dəfələrlə Bakı şəhərinə getmişik. Müəyyən yerlərdə olmuşuq. Prezident aparatında, Mehriban xanımın qəbulunda yüksək rütbəli şəxslər bizi qəbul edib ki, bu məsələlərlə maraqlanacağıq. Hər dəfə gəldiymizdə isə bizə əks təsir göstəriblər, tutub içəri salıblar, cərimə yazıblar. Bu haqsızlıq, bu ədalətsizlik nə vaxta kimi davam edəcək. Gəlin maraqlanaq görək kənddə neçə şəhid ailəsi var? Hansı birinin adına 2 sort torpaq sahəsi var? Yoxdur. Budur, hektarlarla satıbdır”, - sakinlərdən biri bildirib.

O deyir ki, kənddəki gölü zəbt edib balıq saxlayırlar:

“Xoşbulaq kəndi bildiyiniz kimi havasına, təbiətinə görə müalicəvi bir yerdir. Camaat buraya istirahət üçün gəlir, gələn gölü ziyarət edir. Gölü kimsə şəxsi mənafeyi üçün mənimsəyib balıq saxlatdırır, bizneslə məşğuldur. Camaat qalıb çıxılmaz bir vəziyyətdə, bilmirsən hara gedəsən, kimə deyəsən dərdini? Nə cür edəsən? Belə Allahsızlıq olmaz! Mən müharibə iştirakçısıyam. Vətən, millət qorumaq adı gələndə bizim kimi kasıb-kusubu aparırlar müharibəyə. Torpaqdan istifadəyə gələndə tutub basırlar içəriyə, haqq-nahaq cərimə yazırlar, döyürlər. Belə ədalət, belə qanun olar?”
Daha ətraflı:


Daşkəsən Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-un aidiyyəti sorğusuna cavab olaraq bildirilib ki, videomaterialda səsləndirilən bütün fikirlər əsassızdır, təşkil olunmuş uydurmadır.
DİN-in mətbuat xidmətinin bölgə üzrə baş inspektoru, polis kapitanı Eşqin Qasımov isə Yeniavaz.com-a açıqlamasında bildirib ki, “Tik-tok” platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib.
“O, yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirmiş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərib. Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər.
Qanunamüvafiq olaraq A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, Gəncə şəhər sakini olan A.Süleymanov Daşkəsən rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus örüş sahələrini zəbt edərək qanunsuz olaraq digər şəxslərə icarəyə verib. Onun bu cəhdinin qarşısını polis əməkdaşları aldığına görə A.Süleymanov polis haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...