“Böyükşordakı vəziyyət xəstəliklərin artmasına səbəb ola bilər”

“Böyükşordakı vəziyyət xəstəliklərin artmasına səbəb ola bilər”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Böyükşor gölündə apardığı analizlərin nəticəsində ionun və bəzi maddələrin normadan artıq olduğu deyilən rəsmi açıqlamanın ətrafında müzakirələr yaranmağa başlayıb.

Açıqlamada ümumilikdə ionların normadan 11.6 dəfə çox olduğu qeyd olunur. İon miqdarının göldə 11 dəfədən artıq olması göstəricisinin həm ümumi ekologiyaya, həm canlı aləmə mənfi təsir etdiyi bildirilir. Bu rəqəmin normaya qayıtması üçün uzun müddət vaxt lazım olduğu qeyd edilir. Eyni zamanda, ürək-damar xəstəliklərinin, tənəffüs yolları, onkoloji xəstəliklərinin sayının artmasına da səbəb olduğu vurğulanır.

“Qafqazinfo” bununla bağlı tibb elmləri doktoru, professor Adil Qeybulladan münasibət öyrənib. O bildirib ki, ion miqdarının artıq olması Böyükşor gölü hövzəsində yaşayan, eyni zamanda, Bakı əhalisi üçün sözügedən xəstəliklərin artmasına səbəb ola bilər: “Bilirsiniz ki, külək havaya buxarlanan müxtəlif zərərli maddələri bütün şəhərə daşıya bilər. Bakı da küləkli şəhərdir. İkincisi, həmin sular müəyyən yerlərdən süzülüb insanların səhhətinə də ciddi təsir edə bilər. Bilirsiniz ki, artezian suyundan istifadə edənlər var. Bunları araşdırmaq lazımdır. Təəssüflər olsun ki, ekoloji təhlükəsizlik bu gün Azərbaycanda ən unudulmuş sahədir. Bu göl ətrafında canlı aləmin də məhvinə səbəb ola bilər. Azərbaycanda su hövzələrinin son mənbəyi Xəzər dənizidir. Xəzər dənizi nə qədər böyük su hövzəsi olsa da, okeanla əlaqəsi olmadığına görə, onun təmizlənməsi o biri dənizlərə nisbətən pisdir. Xəzər dənizində nadir nərə balığı növləri var. Bütün bunlar son nəticədə Xəzər dənizinin çirklənməsinə gətirib çıxarır.



Toksiki maddələr insan orqanizminə müəyyən konsentrasiyada düşdükcə birbaşa xəstəlik törətməsə də, yavaş-yavaş bədəndə kuliminasiya olunur. Xüsusilə ağır metal duzları, digər toksiki maddələr orqanizmə neqativ təsir edir. Bundan isə xeyli insan, bütövlükdə genefond əziyyət çəkir. Əgər yol verilən həddən artıq zəhərli maddənin su hövzələrində, torpaqda konsentrasiyası varsa, bu zaman həyəcan təbili çalınmalıdır və konkret tədbirlər görülməlidir”.

A. Qeybulla xatırladıb ki, vaxtilə Milli Aerokosmik Agentliyi Araz, Kür çayı və müxtəlif su hövzələrində çirkli tullantıların, fenomen, xüsusilə də radioaktiv tullantıların miqdarıyla bağlı tədqiqatlar aparıb: “Bəzi tullantılar ümumiyyətlə çirkab sularına axıdıla bilməz. Onlar xüsusi üsulla utilizasiya olunmalıdır. Ətraf mühiti və içməli su hövzələrinin çirkləndirən müxtəlif maddələrin neytrallaşdırılması üçün də tədbirlər görülməlidir. Dünyanın əksər ölkələrində bu gün zavod və istehsal tullantılarının neytrallaşdırılması, zərərsizləşdirilməsi üçün xüsusi qaydalar var. Təəssüflər olsun ki, bizdə o qaydalar yoxdur. Xüsusilə yanğından sonra tullantların gölə axıdılması müəyyən edilib. Əlbəttə, bu nə vaxtsa gəlib özünü təhlükəli həddə çatdırmalıdır. O zavodu işlədənlər əvvəlcədən bütün təhlükəsizlik məqamlarını nəzərə almalı idilər”.

ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, analizlərin bir qisminin nəticəsi əldə olunsa da, bəzilərinə bir az zaman lazımdır. “İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”.

“Sobsan” boya fabrikinin direktoru Orxan Allahverdiyev isə ötən gün “Qafqazinfo”ya açıqlamasında tullantıların Böyük Şor gölünə axıdılmasıyla bağlı məlumatın düzgün olmadığını bildirmişdi: “Biz əraziyə qum tökmüşük və təmizləmə həyata keçiririk. Hazırda ərazi palçıqlıdır. Orada tullantı yoxdur. Bundan əlavə, boya kəskin iyə sahib deyil. Buna görə də, ötən gün şəhərdə yayılan kəskin qoxunun boya iyiylə əlaqəsi yoxdur”.

“Azərsu” ASC-nin yaydığı məlumata görə də ərazidə araşdırma aparıblar və məlum olub ki, 3 gün əvvəl yanğın baş vermiş “Sobsan” boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülüb: “Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
97 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...