Naxçıvan Ali Məclisi buraxılmamasının səbəbi açıqlandı

Naxçıvan Ali Məclisi buraxılmamasının səbəbi açıqlandı

Azərbaycan Milli Məclisinin buraxılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də avtomatik olaraq buraxılmış sayılıb-sayılmadığı məsələsini müzakirəyə çıxarıb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Azərbaycan Konstitusiyasına görə, muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi-parlamenti həyata keçirir. Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır. Məclisin tərkibi 45 deputatdan ibarətdir. Onlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. İldə iki sessiya keçirir; Azərbaycan prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olan Ali Məclisin sədri 5 il müddətinə seçilir. Hazırda Ali Məclisin sədri Vasif Talıbovdur.

Ali Məclisə seçkilər Azərbaycan Milli Məclisinə seçkilər keçirilən gün keçirilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Yeni Müsavat”a bildirdi ki, nə milli qanunvericilikdə, o cümlədən konstitusiyada, nə də beynəlxalq hüquqda hər hansı seçkili orqanın birinin buraxıldığı təqdirdə digər seçkili orqanın da avtomatik olaraq buraxılması, yaxud da buraxılmalı olduğu tələbi yoxdur: “Hər bir seçkili orqana ayrıca seçkilər keçirilir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin də Azərbaycan Milli Məclisi buraxılıb deyə buraxılması tələbi qanunvericilikdə əksini tapmır.

SSRİ dövründə rayon, şəhər sovetləri var idi. Onlar da seçkili orqanlar idi. Eyni zamanda respublikanın Ali Soveti də var idi. O zaman da seçkilərlə formalaşdırılırdı. Nə keçmiş tariximizdə, nə də indi qanunvericilikdə bir-birindən asılı deyildilər. Hər birinə ayrı-ayrılıqda seçkilər keçirilirdi. Hüquq sistemi bir seçkili orqanın digərindən asılılığını qəti inkar edir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də bu baxımdan respublikanın Milli Məclisindən asılı deyil, müstəqil subyektdir, ayrıca seçki prosesi keçirir. Naxçıvan Muxtar Respublikasının seçki dairələri üzrə Azərbaycan Milli Məclisinə seçilən deputatları var. Milli Məclisin buraxılması onlara aiddir, lakin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatlarına aid deyil. Milli Məclis buraxıldığı halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvlərinin də yenidən seçilməsi halı qanunvericilikdə yoxdur".

Bununla belə, Tahir Kərimli qeyd etdi ki, istəsələr Naxçıvan Ali Məclisindəki çoxluq da Ali Məclisin buraxılması barədə təşəbbüs qaldıra bilər: “Yəni onların da belə bir hüququ var. Hesab etsələr ki, Naxçıvan Ali Məclisi ölkə prezidentinin apardığı islahatlar prosesi ilə ayaqlaşa bilmir, o zaman Milli Məclisin buraxılması təcrübəsindən yararlanmaları mümkündür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...