ABŞ-ın Türkiyəyə qarşı görünməz savaşı: İŞİD dirilir - ŞƏRH

ABŞ-ın Türkiyəyə qarşı görünməz savaşı:

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun keçirdiyi “Barış pınarı” (“Sülh bulağı”) antiterror əməliyyatı terrorçularla yanaşı, havadarlarını da narahat etməyə başlayıb.
Bu səbəbdən Suriyada terrorçu İŞİD qruplaşmasının yenidən “fəallaşacağı” ilə bağlı iddialar irəli sürülür.
Qeyd edək ki, “Barış pınarı” antiterror əməliyyatı oktyabrın 9-da başlayıb və elə həmin ayın 17-də ABŞ-la əldə edilən razılaşma nəticəsində dayandırılıb. Bu əməliyyatın hədəfi Fərat çayının qərb sahilində yerləşən Menbiçdən Dəclə çayı sahilinədək, Derikə qədər 32 km-lik dərinliyində təhlükəsizlik bölgə yaratmaq, Türkiyədəki suriyalı qaçqınları həmin bölgəyə yerləşdirməkdir.
ABŞ hərbçilərini Hələb, Rakka və qismən də Hasekedən çəkdiyini, eyni zamanda terrorçu PKK/YPG-PYD qruplaşmasının həmin ərazilərdən çıxdığını elan edib.

Rəsmi Ankara ilə Vaşinqton arasında əldə edilən razılığa görə terrorçular 120 saat ərzində bölgəni boşaltmalı idilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında oktyabrın 22-də Soçidə keçirilən danışıqlardan sonra bu müddət daha 150 saat uzadılmışdı. Ona görə də Türkiyə oktyabrın 23-dən hərbi əməliyyatları dayandırdığını, terrorçular bölgədən çıxmayacağı təqdirdə yenidən əməliyyatlara başlayacağını bəyan etdi.
Suriya İnsan Hüquqları Təşkilatı bildirib ki, əməliyyat nəticəsində PKK-nın yaratdığı Suriya Demokratik Qüvvələri 283 nəfər silahı itirib, Türkiyə isə 10 nəfər şəhid verib.
Türkiyə isə 1168 terrorçunun zərərsizləşdirildiyini, 417-nin yaralandığını, 18 terrorçunun isə təslim olduğunu, eyni zamanda, 9 hərbçi və döyüşçünün şəhid olduğunu, 100-nün isə yaralandığını bəyan edib.
Türkiyə hərbçiləri terrorçuların xeyli sayda silah-sursat və hərbi texnikasını ələ keçirib. Həmin hərbi avadanlığın hamısının ABŞ-a məxsus olduğu deyilir. Yeri gəlmişkən terrorçu İŞİD qruplaşmasnının istifadə etdiyi silah və sursatın Amerika Birləşmiş Ştatlarında istehsal edildiyi bildirilir.
ABŞ-ın Türkiyəyə qarşı görünməz savaşı:

Oktyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında 1 saat 40 dəqiqəlik görüşdən sonra əməliyyatın dayandırılması ilə yanaşı 13 maddəlik razılaşma da imzalanmışdı. Həmin razılşamada Türkiyə və ABŞ NATO üzvü olaraq əlaqələrini təsdiqləyib. Sənəddə vurğulanıb ki, ABŞ Türkiyənin cənub sərhədlərinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır, tərəflər Suriyanın şimal-şərqi başda olmaqla meydandakı inkişafların ortaq maraqlar əsasında daha yaxın koordinasiya olunmasını qəbul edir, Türkiyə və ABŞ “hamımız birimiz, birimiz hamımız üçün” anlayışı ilə NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərini qoruyur, hər iki ölkə insan həyatı, insan hüquqları ilə dini və etnik topluluqların qorunmasına yönələn öhdəlikləri təkrarlayırlar.
Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünə və Suriya konfliktini BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə sonlandırmağı hədəfləyən, BMT liderliyindəki siyasi prosesə olan bağlılıqlarını təkrarlayırlar, tərəflər Türkiyənin YPG (PKK/YPG-PYD nəzərdə tutulur - S.İ.) ağır silahlarının toplanması və YPG döyüş mövqelərinin istifadəedilməz hala gətirilməsi daxil, milli təhlükəsizlik qayğılarının aradan qaldırılmasını təmin edən təhlükəsizlik bölgəsi qurulmasının davam edən önəmi və funksionallığında razılaşır, təhlükəsizlik bölgəsi, ilk növbədə, Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf təhlükəsiz bölgənin hər yönünün uyğunlanmasında koordinasiyanı artıracaq, Türkiyə tərəfi təhlükəsiz bölgədən YPG-nin 120 saat ərzində çıxmasını təmin etmək üçün “Barış pınarı” hərəkatına ara verəcək. “Barış pınarı” hərəkatı bu geriçəkilmənin tamamlanmasının ardınca dayandırılacaq. Tərəflər açıqlamada qeyd edilən bütün hədəflərin yerinə yetirilməsi üçün birlikdə fəaliyyət göstərəcəklərinə sadiq qaldıqlarını bildiriblər. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-ə qarşı birgə mübarizə edəcəklərini də sənəddə vurğulayıblar.
ABŞ-ın Türkiyəyə qarşı görünməz savaşı:

Ötən 34 gün ərzində PKK terrorçuları təhlükəsizlik bölgəsində hələ də qalmaqdadır. Bu azmış kimi ərazidə İŞİD-in yenidən peyda olacağına dair ABŞ xəbərdarlıq yayıb. Pentaqonun hazırladığı hesabatda İŞİD-in yenidən güclənəcəyi qeyd olunub. Hesabatda iddia edilib ki, Suriyanın şimal-şərqindən ABŞ-ın çəkilməsi və Türkiyənin bölgədə hərbi əməliyyatlara başlamasını fürsət bilən İŞİD “yenidən təşkilatlanmağa başlayıb”.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, ABŞ və Rusiya ilə əldə edilən razılaşmaya əsasən, 145 km uzunluğunda, 30 km dərinliyində təhlükəsizlik bölgə yaradılıb.
Onun sözlərinə görə, Suriya-Türkiyə sərhədinə yaaxın ərazilərə terrorçular tərəfindən 1225 raket və top mərmisi atılıb: “Bu hücum nəticəsində aralarında uşaq və körpə olmaqla 22 vətəndaşımız şəhid olub, 187 vətəndaşımız yaralanıbş Türkiyə Silahlı Qüvvələri İŞİD-ə qarşı üz-üzə döyüşən tək ordu olub. Suriyanın şimalında 3 mindən çox İŞİD-çı zərərsizləşdirilib”.

Bunu Pentaqonun iddiasına cavab da saymaq olar.
Belə qənaətə gəlmək olar ki, ABŞ bununla Türkiyəni İŞİD-ə qarşı mübarizədə zəif göstərməyə, bununla da Suriyadan İraqa köçürdüyünü elan etdiyi hərbçilərini yenidən bölgəyə qaytarmağa başlayacaq.
Beləliklə, bu barədə yayılan qısa məlumata nəzərə yetirək. ABŞ Suriyadakı neft yataqlarını İŞİD-dən qorumaq bəhanəsi ilə İraqdan 13 zirehli hərbi texnikadan ibarət 500 hərbçinin olduğu karvanı bu ölkəyə gətirib. Həmin hərbçilər Suriyanın neftlə zəngin Deyr-əz-Zor bölgəsindəki ABŞ-ın hərb bazasına yerləşdirilib. Onu da vurğulamaq lazımdır ki, Hasekenin şimalındakı Rimelanda 1322 neft quyusu var.
ABŞ-ın Türkiyəyə qarşı görünməz savaşı:

Neft yataqları olan bu ərazilərə PKK/YPG-PYD-nin yaratdığı Suriya Demokratik Qüvvələri nəzarət edir. ABŞ həmin bölgənin İŞİD-in, Rusiya və İranın dəstəklədiyi qrupların əlinə keçməsinin qarşısını almaq məqsədi ilə orada güclənir.
Yeri gəlmişkən İŞİD 2014-cü ildə Dey əz-Zor dakı neft quyularını ələ keçirmişdi. 2017-2018-ci iləərdə ərazi İŞİD-dən təmizlənib. Həmin müddət ərzində isə bu terrorçu qruplaşmanın 750 milyon dollara yaxın gəlir əldə etdiyi ehtimal olunur.
Rəsmi məlumatalara əsasən, daxili münaqişədən əvvəl Suriya gündə 350 min barel neft hasil edirdi. Bunun yarısı ixrac olunurdu. Neftin böyük hissəsi ölkənin şərqindəki yataqların payına düşürdü. Vətəndaş müharibəsi başlayandan sonra “Total”, “Shell” və “Conoco” kimi neft şirkətləri ölkəni tərk etdi. Deyr-əz-zorda ən azı 11 neft sahəsi var. Onların ən böyüyü isə “əl-Tayem”dir.
Suriyadakı neft qaynaqları 8 ildir terrorçu PKK/YPG-PYD üçün gəlir mənbəyidir. İddiaya görə, ABŞ-la yanaşı Suriyadakı rejimin başçısı Bəşşar Əsəd də “SDQ”də neft satın alır. Bəşşar Əsəd İŞİD-dən sonra həmin neft qaynaqlarını ələ keçirəcəyinə ümid bağlasa da, buna nail ola bilmədi.
Rusiya və Dəməşq rejiminin həmin mənbələrin ələ keçirilməsi uğrunda mübarizədə ABŞ-ı üstələyəcəyi isə inandırıcı görünmür.
Donald Tramp Ağ Evdə Suriya ilə bağlı açıqlamasında neft yataqlarına nəzarət etdiklərinin və az sayda hərbçiləri ilə həmin əraziləri qoruyacaqlarını bildirmişdi: “Həmin neftlə bağlı qərarı sonra vercəyik”.
Bəs əvvəlcə İŞİD, sonra terrorçu PKK/YPG-PYD neft kimə satıb və ya satır? Rusiya Müdafiə Nazirliyi bu məsələdə ABŞ-ı ittiham edir. Nazirliyin açıqlamasına əsasən, Vaşinqtonun mövcud fəaliyyətləri Suriyanın şərqindəki neft yataqları üzərində hərbi nəzarəti həyata keçirməsi “dövlət quldurluğu”dur.

Rusiya bildirib ki, ABŞ şirkətləri və xüsusi şirkətlər bu bölgədən ayda 30 milyon dollardan artıq qazanc əldə edir. Nazirlik bunu neft qaçaqmalçılığı adlandırıb. Bu baxımdan ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun ölkənin təhlükəsizliyi ilə əlaqəsi olmadığı da vurğulanıb.
Deməli, təəssüf ki, Afrikada almaz yataqları, Yaxın Şərqdə isə neft quyuları yenə bütün savaşların başlıca hədəfidir.
Donald Tramp qarşıdan gələn prezident seçkisinə hazırlaşır. Özünü seçiciyə sülhsevər kimi göstərmək məqsədi ilə ilk növbədə keçmiş prezident Barak Obamanın dövründə keçirilən hərbi əməliyyatlara qarşı çıxış edib, onun əməlləri pislənməlidir. Bu istiqamətdə Donald Trampa dəfələrlə bəyanatlar verib. Ehtimal etmək olar ki, seçkiqabağı kampaniya zamanı Demokratlar Partiyasını məğlub etmək üçün bu yöndə yenə də çıxış edəcək.
O, Suriya, İraq və Əfqanıstandan qoşunu çıxaracağını bildirməklə real iş gördüyünü göstərməyə çalışır. Ancaq Suriyaya qayıtması, İraqdan isə heç yerə getməməsi Ağ Evin başqa niyyətindən xəbər verir.
Onun planlarının həyata keçməsinə isə Türkiyə daha çox mane olur. Bir yandan NATO-da olan müttəfiqinin ərazi bütövlüyündən, o biri yandan isə neft quyularından əl çəkə bilmir. Ona görə yenidən İŞİD-in dirilməsinə ehtiyac görülür. Pentaqonun açıqlaması yaxın zamanda İŞİD-in Suriyadakı Türkiyə hərbçilərinə qarşı hücum edəcəyini ehtimal etməyə əsas verir. Belə vəziyyətdə isə Türkiyəyə qarşı PKK ilə yanaşı, İŞİD-in də yenidən mübarizə aparacağı gözlənilir. Bu halda ABŞ ədalətli hakim rolunda çıxış etməyə çalışacaq. O vaxtadək Suriyanın neft quyuları bir az da boşalacaq.

Bəşşar Əsəd, ABŞ, İŞİD, PKK/YPG-PYD, Rusiya, İran, Səudiyyə Ərəbistanının 2011-ci ildən bəri Suriyadakı müharibəsi nəticəsində 29 min 17 uşaq həyatını itirib. Bəşşar Əsəd və İranın dəstəklədiyi qruplaşma 22 min 753, Dəməşqdəki rejimi dəstəkləyən Rusiyanın hava hücumları nəticəsndə isə 1928 uşaq həyatını itirib. PKK/YPG-PYD 214, İŞİD isə 956 uşağın ölmünə bais olub.
Əsəd rejiminə müxalifət olanlar 1048, İŞİD-ə qarşı beynəlxaq koalisiya 924 uşağın ölümünə səbəb olub. Naməlum silahlılar isə 1194 uşağı qətlə yetirib. 2011-ci il martından indiyədək kimyəvi silahların tətbiq edildiyi ərazidə isə 186 uşaq itkin düşüb. 305 uşaq aclığın qurbanı olub.
Əsəd rejiminin həbsxanalarında 3 min 618 uşaq saxlanılır. PKK/YPG-PYD isə 722 uşağı tutub. İŞİD-in əlində isə 326 uşağın olduğu bildirilib.
Hərbi müxalifət 348, rejimə qarşı qruplar isə 29 uşağı tutub.

Suriyanın ərazi bütövlüyünü, bu ölkənin neft quyularında gözü olmadığını, onun torpaqlarında yeni dövlətin yaramasına qarşı olduğunu bəyan edən Türkiyənin bu məsələdə yeganə hədəfi öz ərazi bütövlüyü və təhlükəsizliyidir. Bunu rəsmi Ankara dəfələrlə bəyan edib.
ABŞ-ın “The Heritage Foundation” düşüncə mərkəzinin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Lük Koffi bildirib ki, YPG-PYD neo-marksçı bir terror təşkilatıdır: “Belə bir təşkilatın liderinin (Ferhat Abdi Şahin “Mazlum Kobani”ni nəzərdə tutur-S.İ.) ABŞ torpaqlarına ayaq basmamalıdır”.
Ancaq belə görünür ki, ABŞ Suriyada neft yataqlarını nəzarətdə saxlamaq və Türkiyəyə qarşı mübarizədə görünməmək üçün şeytanla da bazarlıq edər. Ona görə də rəsmi Ankaranı təhlükəsizlik bölgə yaratmaq istəyindən daşındıra bilmədiyi üçün “İŞİD” dirildirilir, PKK/YPG-PYD gücləndirlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...