Problemli kreditlər, maaş və pensiya artımları... - Prezidentdən inqilabi islahatlar

Problemli kreditlər, maaş və pensiya artımları... -


Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ictimaiyyət arasında böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının həyata keçirdiyi son islahatlar vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, dövlət qurumları ilə ictimaiyyət arasında sağlam münasibətlərin qurulması və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir.

AZXEBER.COM Prezident İlham Əliyevin yanvar və fevral aylarında həyata keçirdiyi islahatlarla bağlı vacib məqamları təqdim edir:

- Prezident İlham Əliyevin bu gün imzaladığı fərman vətəndaşların 10 min dollaradək olan kreditlərinin dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsməsini özündə ehtiva edir. Əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq. Azərbaycanın 800 mindən artıq vətəndaşına şamil olunacaq bu fərman illərdir vətəndaşları narahat edən problemli kreditlər məsələsinin həlli istiqamətində inqilabi nəticə sayıla bilər.

- Prezident İlham Əliyevin pensiya və sosial müavinətlərin artırılması ilə bağlı fərmanı cəmiyyətin aztəminatlı hissəsinin sosial problemlərinin həlli, onların sosial rifah halının yüksəldilməsi baxımından mühüm qərarlardan biridir. Yüzminlərlə ölkə vətəndaşını əhatə edən fərmandan sonra ölkədə minimum pensiya 116 manatdan 160 manata, sosial müavinət isə 150 manata qaldırıldı. Eyni zamanda uşağın anadan olmasına görə ("süd pulu”) sosial müavinətin məbləği 200 manata çatdırıldı.

- Prezident İlham Əliyev minimum əməkhaqqının da artırılması ilə bağlı fərman verdi. Dövlət başçısının fərmanı ilə ölkədə minimum əməkhaqqının məbləği 130 manatdan 180 manata qaldırıldı. Bu qərar əslində minimum əməkhaqqının artırılmasını nəzərdə tutsa da, heç şübhəsiz ümumi əməkhaqqının artımına yol açdı. İqtisadiyyatdan az-çox məlumatlı olan hər kəs bilir ki, məvaciblərin müəyyənləşməsi minimum əməkhaqqının fonunda formalaşır və bu fərman bütün sahələrdə maaşların artımına zəmin yaradır.

- Prezident İlham Əliyevin daha bir fərmanı ilə Sosial Tədqiqatlar Mərkəzi təsis edildi. İctimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədlərini həyata keçirəcək bu qurumun yaradılmasına sıradan bir təsisat kimi yox, dövlət qurumları ilə vətəndaşlar arasında münasibətlərin tənzimlənməsində əhəmiyyətli hadisə kimi yanaşmaq lazımdır.

- Prezident İlham Əliyevin hazırda həbsdə olan məhkum Mehman Hüseynovun və hüquq müdafiəçilərinin müraciətinə cavab olaraq onun gənc olmasını, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Azərbaycan Baş Prokurorluğuna etdiyi tövsiyyəyə müsbət cavab verildi və bununla M.Hüseynovun cinayət işi üzrə məsələ xətm olundu. Əslində bu önəmli ictimai hadisə olmasa da, bu məsələdən ölkəmizə qarşı sui-istifadə edən daxili və xarici qüvvələrə layiqli mesaj oldu. Bu bir daha sübut etdi ki, ölkə vətəndaşlarının problemlərinin həllini xaricdə yox, daxildə axtarmaq lazımdır və yalnız bu yolla məsələnin həllinə nail olmaq mümkündür.

// Azər Niftiyev, AZXEBER.COM



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...