Rəsmi Bakı avropalı məmurları Azərbaycana qarşı qərəzdə suçladı

Rəsmi Bakı avropalı məmurları Azərbaycana qarşı qərəzdə suçladı

Avropa Şurasının insan haqları Komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviç təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək, Azərbaycana qarşı Avropa Oyunları ərəfəsində bəzi dairələr tərəfindən sifarişli əsasda aparılan qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyyət göstərirlər. Virtualaz.org saytı bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nils Muzinieks, Mişel Forst və Dunja Mijatoviçin “Opendemocracy” internet portalında dərc edilmiş məqaləsini şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, bu əməlləri ilə sözügedən şəxslər təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut edirlər: “İdman və mahiyyət etibarilə, Bakı Birinci Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir. Bu xüsusda, BMT Baş Assambleyasının 69-cu sessiyasında 31 oktyabr 2014-cü ildə qəbul edilmiş A/RES/69/6 saylı və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı qətnamədə Avropa Oyunlarının kəsb etdiyi əhəmiyyət xüsusi olaraq vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir”.

H.Hacıyev təəssüflə bildirib ki, insan hüquqlarının müdafiəsindən danışıldığı halda, bu şəxslər tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində İnsan hüquqlarına dair Bəyannamədə öz əksini tapmış ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə cəsarət tapılmır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...