“Zabitlərin çoxu Ermənistanı tərk etmək niyyətindədirlər” - Erməni vəkil
“Bu gün zabitlərin əksəriyyəti Ermənistanı tərk etmək niyyətindədirlər”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu zabitlərin hüquqlarını müdafiə edən vəkil Norayr Norikyan bildirib.
“Bu bizim ümumi bəlamızdır və ordunun problemidir. Ermənistan ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və bu səbəbdən xaricə getmək üçün çıxış yolları axtarır. Bu yalnız Müdafiə Nazirliyinin deyil, dövlətin strateji problemidir. Dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə Nazirliyi bu yolla ordudan axının qarşısını almağa çalışsa da, ancaq bu, mümkün deyil”, - vəkil vurğulayıb.
N.Norikyan xatırladıb ki, Ermənistan müdafiə nazirinin cari il iyunun 20-də verdiyi əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbi ilə müraciət edib: “Yeni əmrdə zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif olunub. Əmrə əsasən, hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə, hər il üçün hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə, dövlətə 1 milyon dram (3525 AZN) ödəməlidir. Bir çox zabit yeni müqaviləni imzalamaqdan imtina ediblər”.
1044 dəfə oxundu