Ermənistanda əhalinin sayı azalır - qalan ermənilər maraqların girovudur
Belə bir deyim var: “Qarnı ilə düşünənlər”, hikmətli kəlamlardan biri də belədir: “Vətəni dabanında daşıyanlar”.
Hər iki ifadə daha çox vətən, torpaq, yurddan qaçıb, onunla əlaqəni kəsən mühacirət edənlərə aiddir.
Bunlar həm də etnik qrup kimi ermənilərə də şamil olunur. Bu etnosa mənsub olanların öz torpaq və yurd yerləri olmadığından qarınları ilə düşünərək vətən deyilən torpaqları dabanlarında daşıyıblar. Harada günləri xoş keçibsə, ora öz vətənləri deyiblər. Sonra da həmin torpaqları “vətən” adlandıraraq özlərinki olduğuna iddia ediblər. Onlar dünyanın indiki vəziyyətində Ermənistanı öz dövləti sayır, havadarlarının vasitəsi ilə işğal altında saxladıqları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə əl uzadıblar.
Ancaq dünyada, bölgədə baş verənlər, Ermənistandakı mövcud siyasi, sosial və iqtisadi vəziyyət Cənubi Qafqazda məskunlaşdırılan ermənilərin bu əraziləri də tərk etdiyi hiss edilməkdədir.
Bu respublikanın Milli Statistika Xidməti bildirib ki, ölkə əhalisinin sayı 15,2 min nəfər azalıb. 2011-ci ildə həyata keçirilən əhalinin siyahıyaalınmasına əsasən, 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib. Bu, 2016-cı ilin uyğun dövrü ilə müqayisədə 15,2 min nəfər azdır.
2017-ci ilin ilk 6 ayında doğulanların sayı 6,6 faiz azalaraq, 17 min 169 nəfər, bu müddət ərzində ölənlərin sayı 2,1 faiz artaraq 14 min 709 nəfər təşkil edib.
Sovet İttifaqı dağıldıqdan sonra ilk dəfə Ermənistan əhalisinin sayı ilk dəfə 2016-cı ildə 3 milyondan az olub. 1990-cı ildə ölkə əhalisinin sayı 3 milyon 574 min, 2011-ci ilin siyahıyaalınmasına əsasən 3 milyon 18 min 900, 2016-cı ildə isə 2 milyon 998 min 600 nəfər təşkil edib. Cari il isə sonuncu rəqəmin daha 15 min azalması Ermənistan əhalisinin “dabanları"nın vəziyyətindən xəbər verir.
Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sarqsyan yeni seçilən parlament üzvlərinin qarşısında çıxışı zamanı bildirib ki, ölkə əhalisinin sayının 2040-cı ildə 4 milyona çatdırılmalıdır.
Bu da heç kimə sirr deyil ki, keçmiş sovet respublikaları arasında Ermənistan yeganə monoetnik ölkədir. Oradakı əhalinin 98,2 faizini ermənilər təşkil edir. Yayılan xəbərlərə əsasən 5 milyon erməni dünyanın 66 dövlətində məskunlaşıb.
Ermənistanda cari ilin ilk 7 ayında nikahların sayı ötən illə müqayisədə 6,5 faiz azalıb, bu hesabat dövründə isə boşanmaların sayı 11,2 faiz artıb.
Ermənistan Milli Statistika Xidmətinin Əhalinin siyahıyaalınması və demoqrafiya bölməsinin rəisi Karine Kyumcyan bildirib ki, 2017-ci ilin əvvəlindən 7 234, ötən ilin eyni dövründə isə 7 739 nikah qeydə alınıb. Cari ildə 1 949 boşanma olub, ötən ilin eyni dövründə isə bu rəqəm 1753-dür.
Maliyyə naziri Vardan Aramyan parlamentin növbədənkənar iclasındakı çıxışında deyib ki, son üç ildə Ermənistana pul köçürmələrinin həcmi 830 milyon dollar və yaxud 38,4% azalıb.
Bunun səbəblərindən biri də heç şübhəsiz Ermənistandan birdəfəlik ailəsi ilə köçənlərin sayının artması ilə bağlıdır.
Ölkədəki demoqrafik vəziyyət Ermənistan ictimai-siyasi şəxslərinin də narahatlığına səbəb olub. Ermənistan parlamentinin üzvü Miqran Akopyan bildirib ki, imiqrasiya və təhlükəsizlik dövlətin və hakimiyyətin başlıca vəzifəsidir: “Qalanları boş söz-söhbətdir”.
Ermənistan vətəndaşları orduda xidmət etmək istəmir. Çünki sosial cəhətdən aztəminatlı ailələrin övladları işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ torpaqlarına göndərilir. Onlarda başqa maraqların qurbanı olurlar.
Anait Arutyunyan adlı Ermənistan vətəndaşı kiçik oğlunu hərbi xidmətə göndərməyəcəyini bildirib. O deyib ki, 2016-cı ildə Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aprel döyüşləri zamanı böyük oğlu Qriqor Arutyunyan itkin düşüb: “Son on ildə mənə Qriqor və Serj baxırdı. Qriqor öləndən sonra mənim himayədarım yalnız Serjdir. Mən Serjin hərbi xidmətdən azad edilməsi ilə bağlı bütün sənədləri hərbi komissarlığa, Müdafiə Nazirliyinə təqdim etmişəm. Onlar mənim meyitimin üstündən Serji əsgər apara bilərlər”.
Bunlar Ermənistan əhalisinin ölkədəki sosial vəziyyətini əks etdirən çoxsaylı faktlara nümunədir. Belə faktlar sübut edir ki, son 27 ildə əhalisinin sayı 1,5 milyondan çox (1990-cı ildə ölkə əhalisinin sayı 3 milyon 574 min, 2017-ci il iyulun 1-də Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib) azalan bir ölkənin sakinləri daha çox köçməyə meyillidir. Bu, həm də ermənilərin yerli olmadıqlarının göstəricisi sayıla bilər.
Bu göstəriciyə əsasən Ermənistanda qalan əhalinin kimlərinsə maraqlarının girovu olduğu qənaətinə gəlmək olar.
Beləliklə, hadisələrin inkişafı deməyə əsas verir ki, 2040-cı ilədək ermənilər Serj Sarqsyanın istəklərinə əməl edə bilməyəcəklər.
860 dəfə oxundu