Bəzi qruplar terror törətməyə hazırlaşarkən zərərsizləşdirilib - Rəsmi Tehran
İranın Təhlükəsizlik Nazirliyi paytaxt Tehranda baş vermiş hadisələr barədə rəsmi açıqlama ilə çıxış edib.
APA-nın Tehran bürosunun məlumatına görə, nazirlik bildirib ki, bu gün səhər Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Nazirliyin Terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib.
Təhlükəsizlik Nazirliyi əhalidən şübhəli şəxslər gördükdə dərhal xəbər vermələrini istəyib.
Tehran əyalətinin rəhbəri isə elan edib ki, hazırda pataxtda vəziyyət stabildir və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb.
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub. Parlamentə hücum nəticəsində 7 nəfər həlak olub. Silahlılar daha 4 nəfəri isə girov saxlayırlar. Xüsusi təyinatlılar onların xilas edilməsi üçün əməliyyat keçirir.
Xomeyninin türbəsinə hücum edən dörd nəfərdən biri özünü partladıb, bir nəfər isə kimyəvi maddə içərək özünü öldürüb. Türbəyə hücum nəticəsində xeyli yaralının olduğu bildirilir.
909 dəfə oxundu