“Yeni konstitusiyanın parlamentdə işləməsinə imkan verməyəcəyik” - Dəniz Baykaldan növbəti qalmaqallı açıqlama
Türkiyənin müxalif Cümhuriyyət Xalq partiyasının (CHP) sabiq sədri Dəniz Baykal prezident üsul idarəsi ilə bağlı qalmaqallı açıqlamalar verib.
Avropa.info xəbər verir ki, CHP-nin sabiq sədri və hazırda həmin partiyadan millət vəkili olan Baykal qəbul olunmuş yeni konstitusiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) işləməsinə imkan verməyəcəklərini deyib.
16 apreldə keçirilən ümumxalq səsverməsinin əleyhinə təbliğat aparan CHP sandıqdan çıxan 51,4 %-lik “bəli” səsinə məğlub oldu.
Seçkilərin nəticələrinə qarşı hər cürə böhtanla çıxış edən CHP hər fürsətdə ağılasığmaz iddialarla çıxış etməyə davam edir.
CHP sözçüsü Selin Sayek Böke “Elan edilən bu referendumun nəticəsini tanımırıq. Bunun üçün demokratik bütün haqlarımızdan istifadə edəcəyik. Heç şübhəniz olmasın” deyə açıqlama vermişdi.
CHP Antalya millət vəkili Dəniz Baykal isə məsələ ilə bağlı verdiyi qalmaqallı açıqlamada TBMM-də yeni konstitusiyanın işlənməsi prosesinə mane olacaqlarını deyib. Xatırladaq ki, Baykal, qalmaqallı bir digər açıqlamaya imza ataraq “Ümumxalq səsverməsində “xeyr” çıxacağı təqdirdə 1922-ci ildə İzmirdə düşməni dənizə tökmüş kimi sevinəcəyik” demişdi.
824 dəfə oxundu