Türkiyə XİN başçısı: “Kərkük türkmənləri yalnız deyil”
“Kərkükdə referendumun keçirilməsi tələbi indiki həssas mərhələdə İraqın gələcəyinin təhlükəyə atılması deməkdir”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəşşar Əsəd rejiminin Suriyanın İdlib şəhərinə kimyəvi bomba atması və Kərkük əyalət məclisinin referendum keçirilməsi ilə bağlı açıqlamasında vurğulayıb.
“Deyirlər ki, Əsədlə bağlı qərarı xalq versin. Belə hucumlardan sonra orada xalq qalar? Bu, insanlıq suçudur. Bunun cəzası olmalıdır. Ancaq qərb dünyası yenə baş verənə laqeyd münasibət göstərir. Bu hadisə bütün prosesi heç edə bilər”, - deyə nazir söyləyib.
Qeyd edək ki, aprelin 4-də Bəşşar Əsədə aid təyyarələrin İdlib əyalətinin Xan Şeyxun şəhərini bombalaması nəticəsində 67 nəfər ölüb, 220 nəfər isə yaralanıb.
Kərkük əyalət məclisinin təkbaşına referendum qərarından danışan Mövlud Çavuşoğlu bildirib: “Bu qərara türkmənlər və ərəblər qoşulmadı. Bu məclisin referendum keçirmək haqqı yoxdur. Orada nəsə baş verir. İndiki həssas mərhələdə belə bir qərarın qəbul edilməsi İraqın gələcəyini təhlükəyə atır. Bunlar xoşməramlı addımlar deyil. Kəmfürsətlik edirlər. Baş nazirimiz İraq Türkmən Cəbhəsinin sədri ilə görüşdü. Kərkük türkmənləri yalnız deyillər. "Belə oldu, başa çatdı” deyilməsinə icazə verməyəcəyik. Yaranmış vəziyyətdən sui-istifadə İraqın şimalındakı muxtar hökumət, İraq hökuməti üçün də yaxşı heç nə vəd etmir”.
Xatırladaq ki, Kərkük əyalət mərkəzindəki dövlət binasına İraqın şimalındakı kürd muxtariyyətinin rəmzi sancılıb. Bu yerli türkmən və ərəblərin etirazına səbəb olub. Əyalət məclisində Kərkükdə bu rəmzin asılması və bölgənin muxtariyyətin tərkibinə qatılması haqqında referendumun keçirilməsi barədə qərar qəbul edilib. Məclisin məsələ ilə bağlı iclasında türkmən və ərəb deputatlar iştirak etməyiblər.
776 dəfə oxundu