Türkiyə hökuməti “Mercedes” şirkətinin ölkədəki fəaliyyətini araşdıracaq
Türkiyə ilə Almaniya arasındakı gərginlik sanksiya xarakterli qarşılıqlı addımlarla davam edir.
“Hürriyet” yazır ki, Türkiyə Rəqabət Qurumu “Mercedes-Benz Türk” Anonim Şirkəti haqqında araşdırma aparmaq barədə qərar qəbul edib. Qərar “Mercedes-Benz Türk AŞ”nin beton pompası istehsalçıları ilə müqavilələrdə endirimlər yolu ilə bazardakı hakim rolundan sui-istifadə etməsi və beton pompasının montaj edildiyi yük avtomobilləri bazarında rəqabəti pozduğu barədə müraciət əsasında qəbul olunub. Araşdırma zamanı “Mercedes”in Türkiyənin “Rəqabət haqqında” qanununa zidd hərəkət edib-etmədiyi müəyyənləşəcək.
Türkiyə İqtisadiyyat Nazirliyi isə “Ak Kimya” şirkətinin müraciəti əsasında Almaniya və İsveçdən sodium perkarbonat idxalı ilə bağlı dempinq araşdırması aparmağa qərar verib. Araşdırma zamanı hər iki ölkədən alınan məhsulların Türkiyəyə aşağı qiymətlə daxil olması nəticəsində yerli istehsalçının zərərə məruz qalıb-qalmadığı müəyyənləşdiriləcək. Bu idxalın yerli istehsalçının hüquqlarını pozduğu müəyyən edilərsə, Almaniya və İsveçdən sodium perkarbonat idxalına antidempinq vergisi tətbiq olunacaq. Sodium perkarbonatlar ağardıcı, ləkə çıxarıcı, eləcə də müxtəlif qida və kosmetik məmulatlarda dezenfeksiyaedici kimi istifadə olunur.
Xatırladaq ki, Almaniya hökuməti Türkiyəyə tank müdafiə sistemləri və yüngül silahların satışına qadağa qoyub.
874 dəfə oxundu